Məhkəmə qərarları › İş №3(060)-2092/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2092/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2092/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - SRDYNİ-nin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin mühəndis-inspektoru X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi SRDYNİ-nin DYNŞ-nin böyük inspektoru, d/x mayoru Musayev Ramil Vəkil oğlunun, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin inzibati xəta haqqında 28 avqust 2023-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt regional X5 İdarəsi tərəfindən Şəxs (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, Babək küçəsi, “İrşad Telecom”un yanında yerləşən Şəxs MTK tərəfindən inşa olunan yaşayış binasında planlı yanğın texniki müayinə zamanı aşağıdakılar aşkar olundu: YTQ 01-2001 b.1.9-1.9.12, YTQ 05-86 b1.7, b2.9, b7.6, Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti SRDYNİ-nin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin mühəndis-inspektoru X3 izahatında bildirdi ki, Sumqayıt şəhəri, Babək küçəsi, “İrşad Telecom”un yanında yerləşən Şəxs MTK tərəfindən inşa olunan yaşayış binasında Ədliyyə Nazirliyinin reyestrdən çıxarışa əsasən plan üzrə yanğın-texniki müayinə keçirmişlər və nöqsanlar aşkar olunmuşdur. Belə ki, tikinti meydançasında layihədən kənar tikinti işləri aparılmış, tikinti ilkin yanğınsöndürən alət və ləvazimatlarla təmin olunmamış, tikinti meydançası yanar tullantı materiallarından təmizlənməmiş, tikintidə çəkilmiş müvafiq elektrik təsərrüfatı EQQQ-na uyğun çəkilməmiş, yaşayış binası X5 Xidməti ilə razılaşdırılmadan yaşayış mövcuddur, daxili yanğın su kranları tam komplektləşdirilməmişdir. Yoxlama barədə MTK sədrinə məlumat verilmiş, sonuncu gün yoxlama keçirmişlər və qeyd olunan nöqsanlar aşkar olunmuşdur. Yoxlama MTK-nın Cavid adlı əməkdaşının iştirakı ilə keçirilmiş, bildiriş həmin şəxsə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Musayev Ramil Vəkil oğlu qeyd olunan nöqsanların əks olunduğu fotoşəkilləri məhkəməyə təqdim edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1929 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - Tikinti meydançasında layihədən kənar tikinti işləri aparılıb; - Tikinti ilkin yanğınsöndürən alət və ləvazimatlarla təmin olunmayıb; - Tikinti meydançası yanar tullantı materiallarından təmizlənməyib; - Tikintidə çəkilmiş müvafiq elektrik təsərrüfatı EQQQ-na uyğun çəkilməyib; - Yaşayış binası X5 Xidməti ilə razılaşdırılmadan yaşayış mövcuddur - Daxili yanğın su kranları tam komplektləşdirilməmişdir. Həmçinin inzibati işin materiallarına 04 ədəd fotoşəkil əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 5-ci bəndinə əsasən hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə əsasən yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır. Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən X5 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X5 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Həmin qanunun 25-ci maddəsinin 3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X5nin aparılması ilə bağlı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt şəhəri, Babək küçəsi, “İrşad Telecom”un yanında yerləşən Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar