Məhkəmə qərarları › İş №3(060)-2092/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2092/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2092/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, DİN BDYPİ X1 xx.xx.2024-cü il tarixli, EQ 23197535 saylı elekron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi X1 xx.xx.2024-cü il tarixli, EQ 23197535 saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Anar Hüseynov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında, xx.xx.2024-cü il tarixli, EQ 23197535 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Anar Hüseynov şikayətini onunla əsaslandırmışdır ki, EQ 23197535 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinib 40 manat və 2 bal məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Anar Hüseynov izahatında bildirmişdir ki, İXM-nin 346.5-ci maddəsi nəzərdə tutulmadığı halda onu bu maddə ilə inzibati məsuliyyətə cəlb ediblər. Barəsində qəbul edilən qərar qanunsuzdur. Belə ki, avtomobilini həmin vaxt saxladığı yerdə heç bir küçənin kəsişməsi olmamışdır. Düşünür ki, onu parklanma qaydasını pozduğuna görə cərimə ediblər. Odur ki, EQ 23197535 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən BDYPİ Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına şikayət verən şəxs tərəfindən əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayandığı üçün xüsusi texniki vasitənin köməyi ilə fotoşəkli çəkilməklə, elektron qərar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş günün gündüz vaxtı çəkilmiş digər fotoşəkildən də müəyyən etmək olur ki, avtomobilin saxlanıldığı yer məhz yolun hərəkət hissəsidir və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az olan yəni təxminən kəsişən hərəkət hissəsində saxlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına qaydalarını pozmağa görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə Anar Hüseynovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddənin İ hissəsin görə yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Həmin Qanunun 52-ci maddəsinin dördüncü hissəsinin 6-cı bəndinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələri 1.1- 1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Həmin Qanunun əsas anlayışlar adlanan 1-ci maddəsində qeyd edilir ki, hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir. Yolayrıcı dedikə – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Yolun hərəkət hissəsi dedikdə-yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); İş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi Anar Hüseynov idarə etdiyi **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili məhz nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda olan yerdə, hətta demək olar ki, hərəkət hissəsində saxlamış və nəticədə Yol hərəkəti haqqında qanunun qeyd olunan tələblərini pozmuşdur. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-ninnin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Anar Hüseynovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsində qəbul edilən qərarlardan biir də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Daxili İşlər Nazirliyi BDYPİ X1 xx.xx.2024-cü il tarixli, EQ 23197535 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar