Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2093/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta ixtisas təhsilli, Kəlbəcər rayonu, Kərimli ə/d, Kərimli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə 31 avqust 2023-cü il tarixli MN № ******* saylı və 31 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-də polis əməkdaşlarını nalayiq küçə söyüşləri ilə söyərək xırda xuliqanlıq etmiş, həmçinin eyni vaxtda və eyni yerdə xuliqanlıq hərəkətlərini davam etdirib polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadı ilə Şəxs İXMnin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-2093/2023 və 3(060)- 2094/2023 №li işlər bir icraatda 3(060)-2083/2023 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona zəng edərək polis bölməsinə yaxınlaşmağını bildirdikdə, o, hansı səbəbdən polis bölməsinə dəvət olunduğunu soruşduqda ona oğurluq telefonlarla bağlı dəvət olunması bildirilmişdir, lakin o hal-hazırda rayonda yas mərasimində olduğunu bildirərək gələ bilməyəcəyini qeyd etdikdə, polis əməkdaşı ona PB-nə gəlmədiyi təqdirdə arvadının yaşadığı evdən götürüərək polis bölməsinə aparılacağını bildirmişdir. Bu zaman o, polis əməkdaşının sözlərinə əsəbləşərək onu söyərək təhqir etmişdir. Daha sonra o, öz vəkili ilə həmin gün saat 18:30 radələrində ona bildirilən Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə gəlmişdir. O, polis bölməsində olarkən onunla telefonla danışan polis əməkdaşı Şahidla bölmənin qarşısında görüşmüş, aralarında xırda söz söhbətləri olsa da polis əməkdaşından işlətdiyi nalayiq ifadələrə görə üzr istəmişdir. Lakin o polis əməkdaşlarının hər hansı qanuni tələblərinə tabesizlik göstərməmişdir. Hazırda polis əməkdaşı ilə arasında olan söz söhbətə görə peşimançılığını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid izahatında göstərdi ki, Sumqayıt şəhəri, Novxanı çimərliyində baş vermiş çox saylı telefon oğurluqları ilə bağlı xx.xx.2023-cü tarixdə, oğurluq telefonların bir neçəsinin imei kodunun dəyişdirilib satıldığı dükanı işlədən Vüsalim adlı şəxsə zəng edərək polis bölməsinə dəvət etdikdə o, yalandan rayonda olduğunu bildirmişdir. Lakin telefonu oğurlayan şəxs onların yanında Vüsalimə zəng edib harada olduğunu soruşduqda Vüsalim evdə olduğunu bildirdiyinə görə telefonda Vüsalimə bildirmişdir ki, evində ola ola yalandan rayonda olduğunu bildirirsən, PB-nə gəlməsə ünvanına gəlib ailə üzvlərinə bu barədə məlumat veriləcəkdir. Şəxs telefonda “sən kimsən mənim evimə gedərək ailəmə söz deyəsən səni deşik-deşik edərəm” ifadələrindən sonra nalayiq küçə söyüşləri ilə onu və ailə üzvlərini söyərək təhqir etmişdir. Telefon danışığından 10 dəqəqə sonra vəkili ona zəng edərək PB-nə gələcəklərini bildirmişdir. Daha sonra Vüsalim öz vəkili ilə PB-nə yaxınlaşdıqda PB-nin qarşısında uca səslə nalayiq küçə söyüşlərindən istifadə edərək onu söymüş, bölmənin iş rejimini pozmuşdur. Həmin vaxt bölmənin həyətində xeyli insan olmuşdur. Həmin şəxslər bir neçə gün əvvəl telefonları oğurladıqlarına görə məhkəmə qərarı ilə həbs olunan 3 nəfərin qohumları idilər. Vüsalimin səs küyü, söyüşləri təxminən 10-15 dəqiqə çəkdi. Şifahi sorğu sualda Vüsalimin bir neçə yalanı üzə çıxandan sonra onunla gələn vəkil çıxıb getmişdir. Bundan sonra Vüsalim ondan üzür istəsə də, o baş verənlər barədə rəsmi raport yazmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməli və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 16:55-də azad olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladı vardır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs peşimançılığını və himayəsində 10 aylıq uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir və Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 29 avqust 2023-cü il saat 21:00-dan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 avqust 2023-cü il saat 21:00-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2093/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2093/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver