Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2093/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, X1nun, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X3 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində atası X2 məxsus “VAZ 2105” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Sumqayıt şəhəri, Bakı Quba yolunun 28-ci km ərazisində avtomobillə hərəkətdə olarkən qarşıda duran digər avtomobil xarab olmuş, heç bir xəbərdaredici nişan qoymayaraq, digər sürücüləri xəbərdar etmək üçün lazımi təbdir görməmiş və ana yolu kəsərək orada saxlamışdır. Bu səbəbdən həmin avtomobili arxa hissədən vurmuşdur. Buna görə də onun barəsində Sumqayıt Şəhər DYPŞ-nin polis kapitanı Əhməd İsmayılov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və ona 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. O, heç bir inzibati xəta törətməmişdir. Xarab olan avtomobilin sürücüsü məsuliyyətini dərk etməmiş və digər sürücülər üçün qəza şəraiti yaratmışdır. Avtomobili idarə edərkən onun yanında X8 və X10 adlı dostarı da olmuşdur. Həmin sürücü avtomobilinin nasaz olması ilə bağlı üçbucaq nişan qoyaraq arxadan gələn sürücüləri xəbərdar etməli olduğu halda etməmiş, maşında olan xüsusi işiqları yandırmamış, qəza şəraitinin yaranmasına səbəb olmuşdur. İnzibati tənbeh vermə haqqında qərar İXM-in 121.1 və 122.5-ci maddələrinin tələbləri pozularaq qəbul edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilsə də, elektron informasiya sisteminə isə 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə sms radar vasitəsi ilə ona bildiriş göndərilmişdir. Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında haqqında elektron məlumat 24 saat ərzində foto və ya video daxil elektron sistemə daxil edilmədikdə həmin protokol qüvvədən düşür. Göründüyü kimi sözü gedən qərar protokol əsasında qəbul edilmişdir. Protokol qüvvədən düşdüyü halda həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 şikayətlə razılaşmayaraq bildirmişdir ki, sürücü X6 xx.xx.2024-cü il tarixdə “VAZ 2105” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Quba yolunun 28-ci kilometrliyində idarə edərkən düzgün ara məsafəsi saxlamağı üçün yolda nasazlıq səbəbindən dayanmış avtomobilə çırpılmışdır. Digər avtomobil çox qısa müddət ərzində yolda olmuş və müvafiq işarələri quraşdırana kimi qəza baş vermişdir. Bununla bağlı müvafiq video görüntülər də vardır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 21 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 12:30-da Bakı-Quba yolunun 28-ci kilometrliyində “VAZ 2105” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi saxlama qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “VAZ 2105” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolda dayanmış və hərəkətiz halda olan avtomobilin arxa hissəsinə çırpılmışdır. Beləliklə də, müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 12:30-da Bakı- Quba yolunun 28-ci kilometrliyində “VAZ 2105” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi saxlama qaydalarını pozmuş, nəticədə yolda hərəkətsiz şəkildə dayanmış digər avtomobilin arxa hissəsinə çırpılmışdır. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X1 hazırda şikayətinin dəlili kimi digər nəqliyyat vasitəsinin sürücüsünün qəza şəraiti yaratmasını, yolda dayandığı halda heç bir xəbərdarlıq nişanından istifadə etmədiyini, həmçinin İXM-in 121.1 və 122.5-ci maddələrinin tələblərinin pozularaq protokolun elektron informasiya sisteminə hadisədən 03 gün sonra yerləşdirilməsini qeyd etmişdir. Məhkəmə şikayətçinin birinci dəlilinə münasibətdə qeyd edir ki, digər nəqliyyat vasitəsinin sürücüsünün hər hansı xəbərdarlıq nişanından istifadə etmə edib-etməməsi hazırki işin predmeti deyil, həmçinin digər sürücünün hər hansı xəbərdarlıq nişanından istifadə etmə edib-etməməsi və ya qeyd edilən səbəbdən inzibati məsuliyyətə cəlb edilibedilməməsi X4 məsuliyyətini istisna edən hal kimi qəbul edilə bilməz. İndiki halda sürücü X6 yolda özü üçün təhlükəsiz hərəkət şəraiti təmin etməyərək düzgün ara məsafəsi saxlamamış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə şikayətçinin digər dəlilinə (inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilsə də, 24 saat müddət ərzində deyil, 03 gün sonra elektron informasiya sisteminə yerləşdirilməsi) münasibətdə qeyd edir ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-in 122-ci maddəsinə uyğun qaydada icraat aparılır və bu halda inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməlidir. İndiki halda isə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-in 121-ci maddəsi isə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını tənzimləyir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X15 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2093/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2093/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver