Məhkəmə qərarları › İş №3(060)-2094/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2094/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2094/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxxxxxxxx" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Hüquqi şəxs «xxxxxxxxxx» MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Pİ-nin dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən «xxxxxxxxxx» MMC barəsində xx xxxxxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, «xxxxxxxxxx» MMC hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş X3 İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkili bildirdi ki, X3 İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusu "xxxxxxxxxx" MMC-yə daxil olmamışdır, X3 İdarəsi Dövlət Yol Polis Şöbəsinin protokola əlavə etdiyi xəbərnamənin MMC-yə aidiyyatı yoxdur. MMC-də Xəlilova, Mustafayev və Mustafayev Muhasib soyadlı şəxslər işləmir. Eyni zamanda "xxxxxxxxxx" MMC-nin mühasibi vəzifəsində Mustafayev soyadlı şəxs işləmir.Bütün bunları nəzərə alaraq təmsil etdiyi hüquqi şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, X3 İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən «xxxxxxxxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan X3 İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş protokoldan görünür ki, «xxxxxxxxxx» MMC-yə məxsus **-AE-*** dövlət qeydiyyat nişanlı «Ford Transit yük» markalı nəqliyyat vasitəsinin istifadəçisi xx.xx.2020-ci il tarixdə, saat 16:13-də Saray qəsəbəsi, Saray istiqaməti ümumi yolda hərəkət surətini 13 km/saat aşmışdır və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, Mustafayev Muhasib və Xəlilova soyadlı şəxslər bildirişi qəbul etmişlər. İş materiallarında olan "xxxxxxxxxx" MMC-nin prezidentinin iqtisadiyyat üzrə müavini Hüseyn Qulievin məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 119 nömrəli arayışından görünür ki, "xxxxxxxxxx" MMC-də Xəlilova, Mustafayev və Mustafayev Muhasib soyadlı şəxslər işləmir. Eyni zamanda "xxxxxxxxxx" MMC-nin mühasibi vəzifəsində Mustafayev soyadlı şəxs işləmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki hüquqi şəxs olan «xxxxxxxxxx» MMCnın hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən «xxxxxxxxxx» MMC-yə məxsus **-AE-*** dövlət qeydiyyat nişanlı «Ford Transit yük» markalı nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 (beş gün) müddətində verilməsini təmin etmədiyi göstərilmişdir. İşdə belə sorğu var və bu sorğunun poçta təhvil verilməsi təsdiq edilir. Ancaq həmin sorğunun «xxxxxxxxxx» MMC tərəfindən alınması təsdiq edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan (57.5.1), bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan (57.5.2.1), sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan (57.5.2.2), bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan (57.5.3) rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı, sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan, verilən sənədin adı, verilmənin vaxtı (tarix və saat) və yeri, sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair), sənədin verildiyi şəxs, sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası göstərilməlidir. Beləliklə, məhkəmə inzibati xətalar qanunvericiliyinə əməl etməklə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq müəyyən etdi ki, iş materiallarında olan xəbərnamədə bildirişin Mustafayev Muhasib və Xəlilova soyadlı şəxslər tərəfindən alındığı qeyd edilsə də, iş materiallarında olan arayışda həmin şəxslərin "xxxxxxxxxx" MMC-də işləməsi təkzib edilmişdir. Buna görə də həmin bildirişin "xxxxxxxxxx" MMC-yə çatması təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, hüquqi şəxs . «xxxxxxxxxx» MMC-nın hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən «xxxxxxxxxx» MMC barəsində xx xxxxxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar