Məhkəmə qərarları › İş №3(060)-2098/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2098/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2098/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Füzuli rayon, Daşmaşanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllədəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 01 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllədə qonşusu Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X4 izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllədə qonşusu Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı polis baş kapitanı Rəhman Qurbanovun NK-1/719 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində küçədə qonşu Humay adlı qadınla söhbət edən zaman həmin vaxt digər qoşusu Qiymət adlı qadın özünə məxsus “Chevrolet-Cruize” markalı maşın ilə küçəyə gəlmiş və maşından düşən kimi üzərinə hücum edib küçədə sinəsini dırnağı ilə cıraraq, hər iki qollarına əli ilə və sol ayağına isə təpiklə vuraraq ona müxtəlif növ bədən xəsarətləri yetirmişdir. Həmin vaxt qonşu Humay onları aralaşdırmış və uşaqları götürüb evə getmişdir. Qiymət də öz evlərinə gedib evdən bıçaq götürüb onların evinə gəlmişdir. Lakin o, həyətin darvazasını bağladığı üçün o, həyətə girə bilməmişdir. Onun həyat yoldaşı Əbdül də onun darvazanın qarşısına gəlmiş onu sakitləşdirib evə aparmışdır. Bundan başqa qeyd edərək bildirdi ki, Qiymət mütəmadi olaraq spirtli içki qəbul edir və küçədə oynayan uşaqlara və qonşulara təhlükə yaradır. O, spirtli içki aludəçisi olduğu üçün və onun evi ilə evləri yanaşı olduğu üçün onlarla daim münaqişələr yaradır. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə özünü qismən təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə o maşınla yaşadığı məhəlləyə gəlmişdir. Maşından düşüb evə gedərkən qonşuluqda yaşayan Xoşqədəm və Humay adlı qadınlar söhbət edirdilər. Xoşqədəm ona yüksək tonla nə isdiyirsən ondan deyərək evinə kişilər gəlir “evdə içirsən qızların narkaman olacaq” demişdir. Ona fikir verməyib evə daxil olduqdan sonra həmin vaxt onun ərzi Rezai Abdullada evdə idi. Bundan sonra həmin gün o və ailə üzvlərim dənizə getmiş və evə axşam saat 17:00 radələrində gəlmişlər. O, bıçaqla onların evinə hücum çəkməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs vurmamış, yalnız özünü müdafiə etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2023-cü il tarixli, 1123 saylı ekspert rəyində görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində həriki bazunun, sol saidin, sol budun qançırları vardır, döş qəfəsinin sağ yarısının, sol əlin İİİ barmağının sıyrıqları qeyd olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 16.07.23-cü il tarixdə yumruqla yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X2 NK-1/719 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs himayəsində yeddi, doqquz və on üç yaşında uşaqlarının olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Zərərçəkmiş şəxsə vurulan ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar