Məhkəmə qərarları › İş №3(060)-2099/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2099/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2099/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi, ev 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi evdən quraşdırılmış 160 manat dəyəri olan 1 ədəd 2 kameralı 360 dərəcəli müşahidə kamerasını və dəyəri 46 manat olan 2 ədəd digər kameranı sındırmaqla ümumilikdə 262 manat Zərərçəkmiş şəxs ziyan vurmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi X3 izahatında bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə axşam saatlarında olmuş, protokol isə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, bu səbəbdən ola bilsin tarixin yazılmasında texniki səhv olmuşdur. O, iş üzrə Zərərçəkmiş şəxs və Şəxs ona barışmaq istədiyini bildirdiyi üçün ondan heç bir izahat almamışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, videogörüntülərdən də görünür ki, hadisəni törədən şəxslər azyaşlı uşaqlardır. O, özünün 2-ci qrup əlil olduğunu və hasarı aşa bilməyəcəyini bildirmişdir. Video görüntüdə iki nəfər üzü bağlı şəxsin həyətə daxil olması görünür, lakin, o, həmin şəxsləri tanımır. O, əvvəllər həbsinin olduğuna görə və qalmaqalın bitməsi üçün təhqiqat zamanı xətanı boynuna götürmüş və zərərçəkmiş şəxslə barışmaq istədiyini bildirməsi ilə bağlı izahat yazmışdır. Hadisə baş verən zaman o, başqa şəxslərin yanında olmuşdur. Bununla bağlı anten məlumatlarını da götürmək olar. Hazırda onun Zərərçəkmiş şəxs ilə mülki mübahisəsi vardır, ona görə də Könül ondan şübhələnir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2025-ci ilin iyunun 21-dən bəri onunla Şəxs arasında mübahisələr başlayıb. Şəxs hər dəfə nə isə almaq üçün onlara gəlmiş və hər dəfəsində onları hədələyib, təhqir etmişdir. O, avqustun ayının 1-2-də evə kamera quraşdırmış, avqustun 6-sı kameralardan 2-si maskalı şəxs tərəfindən sındırılmışdır. Bundan sonra avqust ayının 12-də və 26-da olmaqla 3 dəfə onun yaşadığı evin kameraları sındırılmışdır. Bununla bağlı video görüntülər də mövcuddur. Videodan da görünür ki, iki nəfər maskalı şəxs təhqiredici hərəkətlər edir, daha sonra isə kameraları sındırır. Bundan başqa, o, kameraların protokolda qeyd etdiyi qiymətlərlə razı olmadığını bildirmişdir. Belə ki, kameraların sındırılması nəticəsində evin içərisində olan aparat da yanmışdır. O, polisə şikayət etmiş, maskalı şəxslərin kimliyini öyrənmək istəmiş və işin araşdırılmasını tələb etmiş, lakin polislər onun şikayətinə baxmamışdır. Kameraların sındırılmasını Şəxs təşkil etmişdir. Evinə quraşdırdığı kameraların kim tərəfindən sındırılmasının araşdırılmasını, hazırda qorxudan evində yaşaya bilmədiyini qeyd etmiş və məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir, lakin, şəxs 13-ü gəldiyi üçün qərar 13 avqustda qəbul olunmuşdur. Şəxs şəxsiyyəti yaxşı xarakterizə olunmur və özü də izahatında kameraları sındırdığını bildirmişdir. O, həmin hadisəni Şəxs təşkil etdiyini bildirmişdir. Həmçinin, video görüntülərə baxış keçirmiş, lakin, digər şəxsin şəxsiyyətinin müəyyən edilməsini araşdırmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/794 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş və aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 22:43 radələrində iki nəfər naməlum şəxslər onun evinə daxil olaraq üç ədəd kameralarını sındıraraq maddi ziyan vurmuşdur. xx.xx.2025-ci il tarixdə də bir nəfər naməlum şəxsin həyətində üç ədəd kameranın sındırıldığını qeyd etmiş, hadisənin araşdırılmasını və həmin şəxslərin müəyyən edilməsini xahiş etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, ev 5 onun ata evidi. Zərərçəkmiş şəxs atasının ikinci həyat yoldaşıdır. Həmin evlə bağlı onların arasında hal-Hazırda mübahisə gedir. xx.xx.2025-ci il tarixdə o, ata evi olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, ev 5 tərəfə getmiş və həyətə daxil olmuşdur. Həmin ev onun ata evi idi. Sonradan atası həmin evi Zərərçəkmiş şəxs adına keçirdib. Lap əvvəl isə həmin ev ona məxsus olmuşdur. Həyətdə olarkən asılqan olan qamakın orda olmadığını, evin ətrafına baxan zaman həyətdə kameraların yerləşdirilməsini görüb qıcıqlanmış və həyətdən taxta tapıb kameraların bir neçəsini sındırmışdır. Sonra isə həyətdən çıxıb getmişdir. O, həmin vaxt əsəbi olmuş və ona görə belə bir şey etmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə quraşdırılmış 1 ədəd iki kameralı 360 dərəcəli müşahidə kamerasının dəyəri 160 manat, 2 ədəd digər müşahidə kameralarının hər birinin dəyəri isə 46 manat təşkil edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş yaddaş qurğusunda olan videogörüntülərə baxış keçirilərkən məlum olur ki, xx.xx.2025-ci il tarixində iki nəfər üzü maskalı şəxs evin həyətyanı sahəsinə daxil olur və onlardan biri əlindəki naməlum cisim ilə kamera qurğularına çırparaq onları nasaz vəziyyətə gətirir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, iclasda iştirak edən tərəflərin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, protokolu tərtib edən şəxs tərəfindən lazımi qaydada araşdırma aparılmamışdır. Belə ki, protokol tərtib etmiş şəxs icraatına daxil olan inzibati xəta haqqında iş üzrə tərəflərin izahatları alınmamış, təhqiqat materialı ilə kifayətlənmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin məhkəmə iclasında təqdim etdiyi, hadisə baş verən gün qeydə alınmış videogörüntüyə baxış keçirilməmiş, həmin götüntüdə olan şəxslərin şəxsiyyəti müəyyən edilmədən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş üzrə təhqiqatçı X2 şahid qismində verdiyi izahatında viedo görüntüyə baxış keçirdiyini, lakin, həmin şəxslərin şəxsiyyəti ilə bağlı araşdırma aparmadığını, inzibati xətanın Şəxs tərəfindən təşkil edildiyini bildirmişdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə barədə inzibati araşdırma natamam aparılmış, protokol düzgün tərtib olunmamışdır. Qeyd edilən natamamlıqların məhkəmə baxışında aradan qaldırılması, həmçinin, natamamlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Sumqayıt ŞPİ-nin 2-ci PB-yə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Sumqayıt ŞPİ-nin 2-ci PB-yə geri qaytarılsın. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar