Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-21/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 15 noyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3200/012/005422 saylı raporta əsasən, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********7006 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 231,20 ABŞ dolları məbləğində olan mallar konsiqnasiya yolu ilə Gürcüstan Respublikasına ixrac edilmiş, lakin həmin malların müqabilində ödənilməli olan vəsaitin hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. Bu barədə "Technoil” MMC-nin ünvanına 3-33-3200/2- 002036/2024 nömrəli, xx.xx.2024 tarixli bildiriş məktubu ünvanlanmasına baxmayaraq, hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Buna baxmayaraq daxil olmuş raportda bəyannamənin 20, 24 və 37-ci qrafaları əsas gətirilərək valyutanın bu günədək müvəkkil hesaba daxil olmadığı göstərilmişdir. Tərəfindən araşdırma başlanılmış və müəyyən olunmuşdur ki, Technoil MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Gürcüstan Respublikasına göndərilən netto çəkisi 60000 kq, ümumi ınvoys dəyəri 81600,0 ABŞ dolları olan “Transformator yağı" adlı yük **********7006 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Həmçinin, bəyannamənin 20-ci qrafasında ödəniş üsulu kimi “004" (malın dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi isə ixracdan sonra ödənildikdə) qeyd olunmuşdur Həmin məbləğdən 81368,80 ABŞ dolları “Technoil" MMC-nin hesabına köçürülmüş, lakin 231.20 ABŞ dolları məbləğində valyuta şirkətin hesabına köçürülməmişdir. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsində rəsmiləşdirilmiş **********7006 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların müqabilində 231,20 ABŞ dolları məbləğində valyuta Şəxs MMC-nin müvəkkil bankdakı hesabına köçürülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4 protokolu müdafiə etdi və əlavə olaraq bildirdi ki, hüquqi şəxs tərəfindən tərtib edilmiş akt gömrük orqanına təqdim edilməmiş və bununla bağlı rəsmi müraciət olmamışdır. Məhkəmədən protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəməyə təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, hüquqi şəxs tərəfindən tərtib olunmuş aktın gömrük orqanına rəsmi olaraq təqdim olunması barədə sübutları yoxdur. Məhkəmədən protokolun təmin olunmamasını xahiş edir. Məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, bütün lazımi əsaslı sənədlər, sübutlar təqdim edilsə də, bu məsələdə Şəxs MMC-nin təqsirsizliyi sübut olunsa da, müvafiq qurumun məsul əməkdaşları tərəfindən heç bir sübut nəzərə alınmadan əsassız və qanunsuz şəkildə xx.xx.2024-cü il tarixli 13000-01747/24 saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. İşin halları ilə bağlı Şəxs MMC-nin məsul əməkdaşları tərəfindən geniş şəkildə izahat verilmiş və sənədlərin içərisində bu sənədlər mövcuddur. Lakin sənədlərlə tanış olduqda işin içində bu hadisənin səbəbini sübut edən aktın işin içinə qoyulmadığını görmüşlər. Bu səbəbdən həmin aktı da əlavə edirlər. Sənədlərdən də görünür ki, 231.20 USD məbləğin ödənilməməsinin səbəbini təhvil verilmiş malın çəkisində yaranmış cüzi əksiklik təşkil edir. Bu barədə də tərəflərin razılaşması mövcuddur. Həmin məbləğin Şəxs MMC-nin hesabına köçürülməməsinin başqa məqsədi yoxdur. Həmçinin Şəxs MMC-nin bilərəkdən hər hansı bir təqsiri üzündən bu baş verməmişdir. Mal yola çıxır, 4-5 gün yol gedir və təbii ki çəkisində müəyyən əksikliklər yarana bilər. Ödəniş üçün əsas təhvil zamanı malın çəkisi təşkil edir. İnzibati xəta haqqında protokol tərtib edən qurum isə bu məbləğin ödənilməməsini sanki Şəxs MMC-nin bilərəkdən etdiyi hər-hansı bir təqsiri üzündən baş verdiyini əsas gətirərək belə bir ağlabatan sənəd tərtib etmişlər. Qısaca bildirirlər ki, 231.20 USD məbləğin ödənilməməsinin səbəbini təhvil verilmiş malın çəkisində yaranmış cüzi əksiklik təşkil edir. Bununla bağlı bu barədə tərəflər arasında akt bağlanmış və baş vermiş hadisə öz təsdiqini tapmışdır. Şəxs MMC-nin təqsirsizliyi sübut olunsa da, onun təqsirli kimi qələmə verilməsi, əsassız sübutlarla inzibati xətanın sübuta yetirilməsinə cəhd etmə əməli, sənədlərin bu formada məhkəməyə təqdim edilməsi məhkəməni aldatmaq, çaşdırmaq məqsədini daşıyır. Cavabdehin təqdim etdiyi sənədlər əsassız və əlaqəsiz olduğu və məhkəməni çaşdırmaq məqsədi güddüyü üçün sübut kimi qəbul edilməsin və xx.xx.2024-cü il tarixli 13000-01747/24 saylı İnzibati xəta haqqında Protokol əsassız və qanunsuz olduğu üçün ləğv edilsin, başlanılmış İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə təqdim edilmiş "xxxx" MMCni təmsil edən İlqar Cəlilov və Motus Georgia MMC-ni təmsil edən David Topuria tərəfindən tərtib edilmiş aktdan görünür ki, 12/2024 saylı xx.xx.2024-cü il tarixli Alqı-Satqı müqaviləsinə və həmin müqaviləyə əsasən tərtib olunmuş 110224/005 saylı, xx.xx.2024cü il tarixli İnvoysa əsasən Satıcı olan Technoil MMC tərəfindən göndərilən 60000 kg çəkisi göstərilən mal Gürcüstanda təhvil alındıqdan sonra çəkilən zaman 59830 kg gəlmişdir. Bu səbəbdən geri qalan ödəniş ödənilərkən 231.20 ABŞ dollar məbləğində pul vəsaiti ümumi məbləğdən çıxılacaqdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs tərəfindən təqdim edilmiş aktla bağlı qeyd edir ki, həmin akt gömrük orqanı tərəfindən təsdiq edilmədiyindən və rəsmi xarakter daşımadığına görə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5004, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 231.20 (iki yüz otuz bir tam iyirmi) ABŞ dolları pul vəsaitinin otuz faizi məbləğində, yəni 69.36 (altmış doqquz tam otuz altı) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-21/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-21/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver