Məhkəmə qərarları › İş №3(060)-2102/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2102/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2102/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə xx.xx.1988-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X2 barəsində Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən X2 18.06.2021-ci il tarixdə saat 13:45 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerdə küçədə ucadan nalayiq ifadələr işlətmiş və həmin vaxt orada xidmət göstərən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, X2 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 özünü təqsirli bilərək bildirdi ki, 18-ci məhəllə ərazisində dostu ilə telefonda danışan zaman küçədə nalayiq ifadələr işlətmiş, ona yaxınlaşan 2 nəfər polis əməkdaşının onu nizam intizama dəvət etmələrinə baxmayaraq nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. Əməlindan peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 bildirdi ki, 18.06.2021-ci il tarixdə təxminən saat 13:45 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində tanımadıqları bir şəxsin kiminsə haqqında nalayiq söyüşlər etdiyini aşkar etmişlər. Həmin vaxt o və PPXT-nun polis nəfəri, polis kiçik serjantı Orucov Sənanla həmin şəxsə yaxınlaşaraq onun nizam intizama dəvət etmişlər, lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq ucadan danışmağa davam etmişdir. Sonra onu Qubadlı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, şahidin izahatını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə X1 törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, inzibati xəta törətmiş X2 18.06.2021-ci il tarixdə saat 13:45 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerdə küçədə ucadan nalayiq ifadələr işlətmiş və həmin vaxt orada xidmət göstərən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar