Məhkəmə qərarları › İş №3(060)-2102/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2102/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2102/2024 30.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkilnun İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ″MBS İNŞAAT″ MMC-də təmirçi çilingər-qaynaqçı vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 8031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmiş, bununla da, o, İXM-nin 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən Şəxs 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi üzrə borclu tərəfindən qismən ödəniş edildiyindən barəsində iki dəfə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2457/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(060)-2812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək həmin tarixlərdə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İcra sənədi icraata daxil olduğu gündən xx.xx.2023-cü il tarixədək borclu tərəfindən tələbkara 5070 manat ödəniş olunmuş, həmin tarixə borc məbləği 13130 manat təşkil etmişdir. Hesablamasına görə borclu 2024-cü ilin noyabr dekabr aylarında 400 manat, xx.xx.2024-cü il tarixdə 500, xx.xx.2024-cü il tarixdə 200, xx.xx.2024-cü il tarixdə 1700, xx.xx.2024-cü il tarixdə 200, xx.xx.2024-cü il tarixdə 1000, xx.xx.2024-cü il tarixdə 200, xx.xx.2024-cü il tarixdə 1000, xx.xx.2024-cü il tarixdə 200, xx.xx.2024-cü il tarixdə 500, xx.xx.2024-cü il tarixdə 200, 2024-cü ilin avqust ayında 1700 manat olmaqla tələbkara ödənişlər etmişdir. Qeyd edir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmiş və il ərzində eyni inzibati xətanı təkrar törətdiyindən İXMnin 528.1-1-ci maddəsinə uyğun olaraq barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən borclu barəsində qanunamüvafiq qərar məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsində özünü təqsirli bilmədiyini, yalnız 2024-cü ilin iyun ayında iş yerindən ayrıldığına görə az miqdarda ödəniş etdiyini, buna baxmayaraq hər ay mütəmadi olaraq kifayət qədər böyük məbləğlərdə tələbkara ödənişlər etdiyini bildirmişdir. Məhkəmənin həmin qərarına əsasən onun Zərərçəkmiş şəxs 18200 manat borcu olmuşdur. İcraat dövründə tərəfindən ödənişlər edilmiş hal-hazırda ümumillikdə 6055 manat borcu qalmışdır. O, heç bir vaxt ödəniş etməkdən yayınmamışdır, hər ay əmək haqqından tutulmalardan əlavə, özü də şəxsən tələbkara ödənişlər edir. Həyat yoldaşı 2022-ci ildə vəfat etmiş, himayəsində olan 4 övladı ilə birlikdə kirayədə yaşayır. İcra məmrunun bütün çağırışlarına vaxtında getmiş, imkanı olmadığı üçün qalıq borcunu tam, yəni birdəfəyə ödəyə bilməmişdir. Sonuncu dəfə 2024-cü ilin avqust ayında ümumillikdə 1700 manat ödəniş etmişdir. Ötən aylar ərzində elə bir ay olmamışdır ki, ödəniş etməsin. Hazırda yeni tədris ili başladığı üçün övladlarına məktəb ləvazimatları almalıdır. Bu səbəbdən sentyabr ayına əvvəlki kimi 1000 manat deyil, minimum 500 manat ödəniş edəcəyinə söz verir. Onu da bildirir ki, qaynaqçı işləyir. Uşaqlarına tək baxdığı üçün ona dövlət tərəfindən 480 manata sosial yardım ödənilir və həmin pulun üzərinə də qazancından əlavə edərək tələbkarın borcunu qaytarır. Əlavə olaraq bildirir ki, əvvəllər də işlədiyi müəssisələrdə aylıq əmək haqqından tutulmalar edilmişdir, hal-hazırda "xxxx" MMCdə qaynaqçı işləyir. Borcun ödənilməsindən yayınmamış və yenə də yayınmır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs ona 18200 manat borcu olmuşdur. Həqiqətən də bu müddət ərzində borclu tərəfindən ona ödənişlər edilmiş, ona ödənilməmiş bugünki tarixə 6055 manat ödənilməmiş borc qalmışdır. Həqiqətən də borclu avqust ayında ona 1700 manat ödəniş etmişdir. O, borclunun ona olan borcunu tam ödəməməsi icra məmuruna müraciət etmişdir. Borclunun bu ayın sonuna ona qalıq borcdan 500 manat ödəyəcəyi barədə verdiyi sözlə razılaşmır, 1000 manat ödəməsini tələb edir. Əlavə olaraq bildirir ki, borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi hissə-hissə icra edəcəyinə söz versə də, sözünə tam əməl etməmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs icra sənədi üzrə ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2457/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(060)-2812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ayrı-ayrı vaxtlarda 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixə borclu Şəxs ödənilməmiş 14030 manat qalıq borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə borclu Şəxs 13130 manat ödənilməmiş qalıq borcu qalmışdır. Borclunun yaşayış yeri məlum olmadığından barəsində xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli “qəbz”dən görünür ki, həmin tarixdə tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs 2000 manat pul vəsaitini qəbul etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixən qaynaqçı vəzifəsində çalışaraq, 350 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə idarə tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, borclunun əmək haqqından tələbkarın xeyrinə hər ay əmək haqqının 50% məbləğində hissəsinin tutularaq ödənilməsi üçün müvafiq məktub göndərilmişdir. İş materillarına əlavə edimiş Elektron İcra İnformasiya sistemindən əldə edimiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə üzrsüz səbəbdən təkrar törədilməsi faktının müəyyən olunması zəruridir. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi inzibati tənbeh almış şəxsin inzbiati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən təkrarən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, Şəxs öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmamışdır. Borc məbləğinin tam olaraq birdəfəlik tələbkara ödənilməməsi Şəxs iradəsindən asılı olmayan səbəblərdən olmuş, onun tərəfindən heç bir qərəz nümayiş etdirilməmişdir. Anar Abdinovun ağır maddi durumuna, həyat yoldaşını itirməsinə və 4 övladını təkbaşına böyütməsinə baxmayaraq tələbkara olan borcundan indiyədək kifayət qədər böyük məbləğdə pulu ödəməsi onun üzrsüz səbəbdən borcunu tam olaraq ödəməməsi anlayışını istisna edir. İcra məmurunun qeyd etdiyi və tələbakarın da təsdiq etdiyi kimi borclu Anar Abinov yalnız 2024-cü ilin fevral ayında 200 manat ödəsə də, digər aylarda heç də az olmayan kifayət qədər böyük məbləğdə vəsaitləri hər ay tələbkarın hesabına ödəməklə onun bugünki tarixə 6055 manat borcu qalmışdır, qalıq məbləğin 500 manatını sentyabr ayının sonuna, yerdə qalan borcu yenidən hər ay 1000 manat olmaqla ödəyəcəyinə söz verir. Şəxs razılaşmaya uyğun olaraq bu ay 1000 manat deyil, 500 manat ödəyə bilməsini 4 övladına məktəb ləvazimatları almalı olması ilə izah etmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü Bahara Abidinova, xx.xx.2011-ci il təvəllüdlü Balasoltan Abidinov, xx.xx.2005-ci il təvəllüdlü Balasoltan Abidinov, xx.xx.2019-cu il təvəllüdlü Zeynəb Abidinova adlı övladları var. “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Məhkəmə iclasında icra məmuru öz izahatında da qeyd etdi ki, qeyd olunan icra sənədi üzrə tələb 2023-cü ilin fevral ayından borclunun əmək haqqına yönəldilmiş, hər ay mütəmadi olaraq yəni 200 manat olmaqla, vaxtlı-vaxtında pul tutularaq tələbkara ödənilmiş, lakin 2024-cü ilin iyul ayında iş yerində çıxdığına görə həmin ay üzrə əmək haqqından pul tutulmamış, borclunun hazırda 6055 manat borc qalmışdır. İXM-nin 75.0.3-cü maddəsinə görə İnzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi məsələsidir. Qanunun qeyd edilən normasının mənasından görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ən vacib məsələ sonuncunun təqsirinin müəyyən edilmədir. İXM-nin 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi hazırkı iş üzrə Şəxs əməlində heç bir inzibati xəta tərkibi yoxdur, onun əmək haqqından daimi olaraq hər ay 200 manat pul tutularaq tələbkara ödənilmiş və ödənilməkdədir, həmçinin sonuncu tərəfindən tələbkara nağd şəkildə qalıq borcdan ödənişlər edilmiş və edilməkdədir. Bu fakt məhkəmə iclasında həm icra məmuru həm tələbkar o cümlədən borclu tərəfindən təsdiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən, yəni inzibati məsuliyyətə cəlb edildikdən sonra inzibati tənbeh almış Anar Abdinov tərəfindən inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra keçən 9 ay ərzində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta təkrar törədilməmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar