Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2102/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:51-də “MERCEDES BENZ E320 MİNİK” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhər, S.Vurğun küçəsində idarə edərkən İXM-in 329.3, 346.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də barəsində İXMnin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə protokolu tərtib etmiş orqana lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak edən olmamış, məhkəmə protokolu tərtib etmiş tərəfin iştirakı olmadan məhkəmə iclaslarının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, həmin gün bir neçə dostu ilə bir yerdə içkili olduğu üçün avtomobilinin yanında dayanaraq taksi gözləyirdilər. Bundan bir qədər sonra yol patrul xidməti əməkdaşı ona yaxınlaşaraq içkili olub-olmadığını soruşmuş, o isə içkili olduğunu bildirmişdir. Bundan sonra həmin yol patrul xidməti əməkdaşı ona avtomobilə əyləşməli olduğunu bildirmişdir. O isə içkili vəziyyətdə sükan arxasında olmadığını və avtomobil idarə etmədiyi üçün yol patrul xidməti əməkdaşına etiraz etmişdir. Bundan sonra alkotesterlə onun içkili olduğu müəyyən edilmiş və ondan avtomobilinin açarını istənilmiş, avtomobili duracağa aparılmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobil ora sərxoş vəziyyətdə olmayan şəxs tərəfindən idarə edilərək gətirilmişdir. Məhkəmədən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun təmin edilməməsi xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektorunun xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:51-də “MERCEDES BENZ E320 MİNİK” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhər, S.Vurğun küçəsində idarə edərkən İXM-in 329.3, 346.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Alcovisor-Jupiter X markalı xüsusi texniki vasitənin nəticəsindən görünür ki, sürücüdə 0,401% alkoqol sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs nəqliyyat vasitəsi həmin tarixdə saxlanca qəbul edilmiş və həmin tarixdə duracaqdan buraxılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “MERCEDES BENZ E320 MİNİK” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhər, S.Vurğun küçəsində işıq cihazından düzgün istifadə etməyərək nəqliyyat vasitəsini ani saxladığına görə saxlanılmışdır. Daha sonra sürücünün kimliyi aşkar edildi və məlum oldu ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə edirmiş. Nəqliyyat vasitəsi duracağa təqdim edilərək sürücü sükan arxasından kənarlaşdırılmışdır. Məhkəmə barəsində icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata onun təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə xitam verilməlidir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqan lazımı qaydada məlumatlandırılmış, lakin protokolu tərtib etmiş şəxs və ya orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsi barədə hər hansı sənəd təqdim etməmişdir. Tərtib olunmuş protokol üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş sənədlər müşayiət məktubu, inzibati xəta haqqında protokol, avtomobilin saxlanca qəbulu barədə akt, raport və xüsusi texniki vasitənin göstəricilərindən ibarət olmuşdur. Göründüyü kimi sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə edilməsi barədə protokol iş materiallarına əlavə edilməmişdir. Xüsusi texniki vasitənin nəticəsinə əsasən Şəxs alkoqol sərxoşluq vəziyyəti müəyyən olunsa da, onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, məhkəmə iclaslarında təqdim edilməmişdir. Bundan başqa Şəxs xüsusi texniki vasitə tətbiq edilərək sərxoşluq vəziyyəti yoxlanılsa da, onun həmin xüsusi texniki vasitənin göstəricisi ilə razılaşması səbəbindən tibbi müayinətə aparılmamasını təsdiq edən sübut da iş materiallarında mövcud deyil. Bununla da, məhkəməyədək icraat zamanı və məhkəmə araşdırması müddətində Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 346.5 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2102/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2102/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver