Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2103/2024 30.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından Məmmədov Səməddin Tiflis oğlu tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Məmmədov Səməddin Tiflis oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Səməddin Məmmədov şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edirəm ki, Məmmədov Səməddin Tiflis oğlu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarından görünür ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. İnzibati xəta hərəkətlə törədildiyi hallarda xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-nin 228-ci maddəsi İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə məsuliyyət müəyyən edir. Baxılan iş üzrə törədilməsi ehtimal olunan İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətlə həyata keçirildiyi üçün onun törədildiyi yer nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab olunur. Bu baxımdan, hazırki inzibati xətanın törədildiyi yer xətanın faktiki törədildiyi yer hesab olunduğundan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarının tələblərinə əsasən həmin qərardan şikayət də inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Arayış”da Səməddin Məmmədovun Sumqayıt şəhərində müvəqqəti məskunlaşdığını qeyd olunsa da sonuncu tərəfindən şikayətə yuxarıda qeyd olunan məzmunda vəsatət əlavə edilməmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, törədilməsi ehtimal olunan hadisə (xəta) Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində baş vermişdir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında materiala bu məhkəmədə baxılması üçün heç bir səbəb olmadığına görə toplanmış material aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmamasını təmin etmiş olur. İXM-nin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, İXM-nin 110.1-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından Məmmədov Səməddin Tiflis oğlu tərəfindən verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2103/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2103/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver