Məhkəmə qərarları › İş №3(060)-2107/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2107/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2107/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Rövşən Qədirov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Rövşən Qədirov şikayətini onunla əsaslandırdı ki, o, yol nişanının tələblərinə uyğun olaraq sağa dönmüş, heç bir qayda pozuntusu törətməmişdir. Məhkəmə iclasında Rövşən Qədirov şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, barəsində protokol tərtib edilərəkən yol patrul xidməti inspektoru tərəfindən ona törətdiyi qayda pozuntusu barədə heç bir məlumat və bu barədə ona hər hansı izah verilməmişdir. O, heç bir qayda pozuntusu etmədiyini, yol hərəkəti qaydalarına riayət etməklə avtomobilini idarə etdiyini bildirmişdir. Bildirir ki, yol patrul xidməti avtomobili sayrışan işıqları yandırmadığı üçün ona yol verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt şəhər DYPİ-ə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşı tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Belə ki, məhkəmə iclasında hadisənin baş vermə mexanizmini özündə əks etdirən bir ədəd diskə baxış keçirərkən Rövşən Qədirovun məhz hansı qayda pozuntusunu törətdiyini müəyyən etmək qeyri mümkün olmuşdur. Bundan başqa qərarda sürücünün məhz hansı yol nişanının tələbinə riayət etməməsi, yolların hərəkət hissəsinin məhz hansı işarəsinin tələbinə riayət etməməsinin qərarda göstərilməməsi, hətta videogörüntüyə baxış keçirilməsi nəticəsində məhkəmənin yekun nəticəyə gəlməsini istisna etmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar şikayətçinin iştirakı təmin edilməklə, törədilməsi iddia edilən qayda pozuntusu şəxsə izah edilməklə qərar qəbul edilməli, şikayətçidə şübhə yarada biləcək hallar aradan qaldırılmalıdır. Belə ki, həmin faktın araşdırılması ilə bağlı Sumqayıt ŞPİ DYPŞ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXMnin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar