Məhkəmə qərarları › İş №3(060)-2108/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2108/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2108/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1994-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaraçuxur qəsəbəsi fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 16 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində keçmiş nişanlısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək onu narahat etmiş, söyüb təhqir etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində keçmiş nişanlısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək onu narahat etmiş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində qismən təqsirli hesab edərək bildirdi ki, Zərərçəkmiş şəxs yaşadığı ünvana getməsinin səbəbi Ləmanın ondan maddi yardım istəməsi olub. Həmin gün Zərərçəkmiş şəxs zəng etmiş, sonuncu zəngləri açmadığından onun yaşadığı ünvana getmişdir. Lakin, Zərərçəkmiş şəxs qapını açmamış və o da heç bir səs-küy salmadan binanın həyətinə düşmüş, bu zaman ona polis əməkdaşları yaxınlaşmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o Şəxs maddi yardım deyil, əvvəllər birlikdə qurduqları iş ilə əlaqədar ona olan borcunu qaytarmasını istəmiş, bu məqsədlə özünə məxsus olan kartının şəklini Şəxs göndərmiş və pulu həmin karta göndərməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs onun yaşadığı mənzilə gələrək qapını bir neçə dəfə döymüşdür. Bundan sonra o da polisə zəng etmiş və polis əməkdaşları gəlmişdir. Lakin, Şəxs heç bir nalayiq ifadə eşitməmişdir. Odur ki, Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə, saat 10:30-da azad edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Şəxs tərəfindən cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar