Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2108/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Rüstəm Zahidovun, Zərərçəkmiş şəxs İsmayıl oğlunun, zərərçəkmiş şəxs X3 və onun qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonu, Çərəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında tərtib olunmuş protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan bağlarında Zərərçəkmiş şəxs aldadaraq “Redmi Note 9” markalı mobil telefonu ələ keçirib xırda talama etmişdir. Həmçinin, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında tərtib olunmuş protokolda Şəxs xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Ceyranbatan bağlarında Anar Babazadəni aldadıb “Samsung A10S” markalı telefonunu dələduzluqla ələ keçirib xırda talama törətməsi qeyd edilmişdir. Həmçinin, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında tərtib olunmuş protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 02:30 radələrində Bakı-Sumqayıt yolunda Fərid Əliyevə məxsus mobil telefonu oğurlayaraq xırda talama etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Rüstəm Zahidov tərtib etdiyi protokollara uyğun izahat verərək bildirmişdir ki, Şəxs 2025-ci ilin iyul ayı ərzində kirayə qaldığı evin böyük oğlu Anar Babazadənin “Samsung A10S” markalı telefonunu götürmüş, sonra həmin telefonu Zərərçəkmiş şəxs “Redmi Note 9” markalı telefonu ilə dəyişmişdir. Bir neçə gün sonra isə Namaz telefonu onun oğurladığından şübhələnmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 02:30 radələrində Bakı-Sumqayıt yolunda Fərid Əliyevə məxsus mobil telefonu oğurlayaraq xırda talama etmişdir. Hal-hazırda hər üç telefonu öz ehtiyacları üçün satmışdır. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 1 ay yarım əvvəl Anar Babazadənin və Samirə Liftiyevanın evində kirayə yaşamış və kommunal xərcləri üçün onlara 50 manat vermişdir. Ev təmiri ilə məşğul olduğu üçün Samirə Liftiyeva ona öz evini təmir etməyi tapşırmışdır. O, həmin evdə təmir işləri görmüş, lakin ona əməyinin haqqı verilməmişdir. Sadəcə ayrı-ayrılıqda 10 manat olmaqla ona 20 manat verilmişdir. Bundan sonra telefonu olmadığı üçün Anar Babazadə qiyməti təxmini 30 manat olan “Samsung A10S” markalı telefonunu yeni telefon alana qədər ona pay verdiyini bildirmişdir. Lakin ona həmin evdə gördüyü təmir işlərinin haqqı olan 173 manatı verilməmişdir. Buna görə də acıq edərək evdən çıxmışdır. xx.xx.2025-ci il tarixdə isə Bakı-Sumqayıt yolunda taksidə olarkən arxa oturacaqda telefon tapmış və özünə götürmüşdür. Bundan başqa bildirmişdir ki, Anar Babazadəyə məxsus “Samsung A10S” markalı telefonu Zərərçəkmiş şəxs “Redmi Note 9” markalı telefonu ilə dəyişmişdir. Həmçinin bildirmişdir ki, ev sahibləri onun pulunu vermədiyi üçün telefonu onlara geri qaytarmamışdır. Hal-hazırda əməlindən peşmandır. Bütün telefonları satıb və zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İsmayıl oğlu izahatında göstərdi ki, Şəxs ona telefonunu satmaq istədiyini bildirmiş, o da onun “Samsung A10S” markalı telefonunu özünə məxsus “Redmi Note 9” markalı telefonu ilə dəyişdirmiş və 2 gün sonra onun telefonunu qaytaracağını demişdir. Bildirmişdir ki, Şəxs həmin telefonu dəyişməklə bərabər, əlavə ondan 10 manat da almışdır. O, sonradan həmin telefonun ekranının işlək vəziyyətdə olmamasını bilmişdir. Bunu biləndən sonra Samirə Liftiyevaya məxsus, lakin Arizin öz evi kimi tanıtdığı evə getmiş, qapını Samirə xanım açmış, lakin telefonunu oradan geri ala bilməmişdir. Məhkəmədən ona məxsus telefonunun geri qaytarılmasını və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 bildirmişdir ki, hadisə baş verən vaxt rayonda olmuşdur. Belə ki, Şəxs onun övladı Anar Babazadəni qazi olduğuna inandıraraq aldatmış və evi olmadığı üçün onların həyətindəki evdə qala bilməsi üçün yalvarmışdır. Bundan sonra oğu Anar ona zəng etmiş və Arizin evlərində qala bilməsi üçün icazə istəmişdir. Beləliklə, Ariz onların həyətindəki evdə qalmış və oğlu Anara da 50 manat pul vermişdir. Bundan sonra Ariz dəfələrlə ona zəng edərək kart hesabına pul atmasını xahiş etmiş və onun kartına 20 manat atmışdır. Bundan başqa onun 9 yaşlı övladının saflığından istifadə edərək telefonunun işləmədiyini demiş və övladı evdə olan ona məxsus “Samsung A10S” markalı telefonu Arizə vermişdir. Bundan sonra məlum olmuşdur ki, Ariz həmin telefonu bazarda satmaq istəmiş, lakin ona bu telefonun qadına məxsus olduğunu, içərisində ona məxsus şəkillər olduğunu və oğurluq telefon olduğunu bildirmişlər. Bundan başqa Şəxs Zərərçəkmiş şəxs ona məxsus evin sahibi olduğunu deyərək aldatmış və onların “Samsung A10S” markalı telefonunu Namaza məxus Redmi Note 9” markalı telefonu ilə dəyişdirmişdir. Bundan sonra Namaz onların evinə gələrək telefonunu tələb etmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs ondan evi olmadığı, çöldə qaldığı üçün onların evində qalması üçün xahiş etmişdir. O da onların həyətindəki evdə arvadına ilə qalmağına icazə verib və Ariz onların həyətində qaldığı 2 ay müddətdə sadəcə onlara 50 manat ödəmişdir. Həmçinin bildirmişdir ki, Şəxs 2 ay onların həyətində kirayə qalsa da, onlara kirayə pulunu ödəməmişdir. Bundan başqa Ariz onların həyətindən paltar, dəmir və başqa əşyaları oğurlamışdır, həmçinin hər həftə ondan 5-10 manat şəxsi ehtiyacları üçün pul almışdır. Arizin telefonu olmadığı üçün ona 1 həftəyə qaytarmaq şərtilə “Samsung A10S” markalı telefon vermiş, lakin 1 ay keçsə də, həmin telefonunu geri ala bilməmişdir. Bundan sonra atası gələrək Arizin evdən çıxmasını tələb etmiş, lakin yoldaşı hamilə olduğu üçün atası onlara 2 gün evdən çıxması üçün vaxt vermiş, Ariz 2 gün keçdikdən sonra isə qaçmışdır. Beləliklə, onların telefonunu qaytarmamışdır. Məhkəmədən telefonunun qaytarılmasını və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin səmimi etirafını və himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alaraq ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan HK-1/913 saylı yoxlama materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı Zaur Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qəarın surəti aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan HK-1/912 material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı Zaur Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan HK-1/910 material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı Zaur Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 23:55-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, 2025-ci ilin iyun-iyul aylarında 1 ay yarım Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində Anar adlı şəxsin evində kirayə yaşamışdır. Həmin evin qonşuluğunda yaşayan Namaz adlı şəxsdən evində yaşadığı Anardan müvəqqəti işlətmək adı ilə götürdüyü “Samsung A10S” markalı mobil telefonu verərək “Redmi Note 9” markalı mobil telefonu almışdır. Sonradan “Redmi Note 9” markalı mobil telefonu da Sumqayıt şəhəri mərkəzi bazarın yaxınlığında xatırlamadığı telefon mağazasında başqa telefonla dəyişmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2025-ci ilin iyun-iyul aylarında 1 ay yarım Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində Anar adlı şəxsin evində kirayə yaşamışdır. Həmin xx.xx.2025-ci il tarixdə evində yaşadığı şəxsdən müvəqqəti işlətmək üçün bir ədəd mobil telefon istədi. Onlar da “Samsung A10S” markalı mobil telefonu ona verdilər. Sonradan həmin telefonu qonşuluqda yaşayan Namaz adlı şəxsin “Redmi Note 9” markalı mobil telefonu ilə dəyişdi və “Samsung A10S” markalı mobil telefonu Namaza verdi. Sonra Namaz həmin telefonu ona qaytardı və o “Samsung A10S” markalı mobil telefonu əsas sahibi Anara qaytarmayıb Sumqayıt şəhəri ərazisində küçədə tanımadığı şəxsə 20 manata satdı. Həmin pulu özünə xərclədi. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o və qeyrirəsmi yaşadığı Nəcibə adlı qadınla birlikdə xx.xx.2025-ci il tarixdə saat 02:30 radələrində Sumqayıt şəhərinin dairəsində “Mercedes Benz” markalı avtomobilə taksi kimi əyləşdik və ikimizdə arxa oturacaqda oturduq. Bir qədər getdikdən sonra arxa oturacaqda olan “Huavei” markalı mobil telefonu götürüb Bakı-Sumqayıt yolunun kənarında yerləşən “Nizami” otelinin qarşısında maşından düşdülər. Həmin mobil telefonu ertəsi gün Sumqayıt şəhəri ərazisində 80 manata satdı. Etdiyi əməldən peşmandır və bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X5 ərizəsindən görünür ki, o, Polis Bölməsinə ərizə ilə müraciət edərək telefonunun oğurlandığını bildirmişdir. Bununla bağlı məhkəmə iclasında iştirak edə bilməyəcək. Ona dəymiş maddi ziyan ödənməmişdir və şikayətçidir. İş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, Şəxs avtomobildə olmuş, Sumqayıt şəhəri ərazisində Bakı-Quba yolunda avtomobildən düşərək uzaqlaşmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs izahatında oğurluq və ya dələduzluq niyyəti ilə xırda talama törətmədiyini niyyəti ilə mobil telefonları ələ keçirmədiyini bildirsə də, qeyd edilən inzibati xətaların törədilməsi zərərçəkmiş şəxslərin və protokol tərtib etmiş şəxsin izahatları, eyni zamanda digər iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirilən hal müəyyən edilməmiş, zərərçəkmiş şəxs olan Anar Babazadənin yetkinlik yaşına çatmayan şəxs olması səbəbindən, həmin əmələ münasibətdə Şəxs əməli İXM-in 33.1.4-cü maddəsinə əsasən ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İş materiallarında olan "İnzibati qaydada tutma haqqında" xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:55-də tutulmuşdur və bu nəzərə alınaraq inzibati həbsin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01(bir) ay 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 23:55-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2108/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2108/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver