Məhkəmə qərarları › İş №3(060)-211/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-211/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-211/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25486990 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25486990 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Məmməd Əliyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 25486990 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məmməd Əliyev şikayətini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən barəsində EQ 25486990 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, qəbul edilən həmin qərar tam əsassızdır. Belə ki, həmin qərarda göstərilənlərə əsasən, qayda pozuntusunun xx.xx.2025-ci il tarixdə saat 11:30 dəqiqədə Sumqayıt şəhər, 9-cu məhəllə ərazisində qeydə alındığı göstərilmişdir. Bundan başqa inzibati orqan həmin xətanın guya onun tərəfindən törədildiyini qərarda göstərmişdir. Bildirmək istəyir ki, qərarda bəhs edilən avtomobil onun mülkiyyətində və istifadəsində olmamışdır, qeyd olunan tarixdə “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı Novxanı Sumqayıt yolunda hərəkətdə olmuşdur. Həmin vaxt onun mobil nömrəsinə hazırki inzibati qərarın qəbul edilməsinə dair SMS məlumat gəlmişdir. Qeyd edir ki, “DODGE DURANGO” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobilə dair onun adına neçə il öncə həmin avtomobili idarə etmək hüququna dair etibarnamə verilmişdir. Həmin avtomobilə dair ona etibarnaməverilməsi inzibati xətanın onun tərəfdən törədilməsi anlamına gəlmir. O, inzibati xətanın subyekti deyil və bu əsas da inzibati qərarın qanunsuz olmasına dəlalət edir. Qeyd edir ki, müharibə əlilidir, əsassız cərimənin onun əmək haqqına yönədiləcəyindən ehtiyat edir. Əlavə olaraq qeyd edir ki, ona hazırki qərarla birlikdə həmin avtomobilin fotoşəkilləri də təqdim edilmiş və həmin fotolarda avtomobilin Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində deyil, 20-ci məhəllə ilə 19-cu məhəllə arasındakı ərazidə, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun qarşısında dayanmasını görmək mümkündür. Yəni hadisənin qeydə alındığı ünvan belə qərarda düzgün qeyd olunmamış və fotolardan da aydın olur ki, avtomobil digər nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulan baş yolda deyil, ara yolda saxlanılmış və həmin ərazidə dayanmadurmanın və ya saxlanılma ilə bağlı hər hansı bir məhdudiyyətin olmasını qadağan edən hər hansı bir yol nişanı olmamışdır. Bundan başqa bu hadisə ilə bağlı inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, o, inzibati orqana dəvət olunmamış və ondan da bu hadisə ilə bağlı izahat alınmamışdır. Hadisə qeydə alınan anda onun mobil telefonuna cərimə ödəməli olması barədə SMS gəlmişdir. Qeyd olunanların nəzərə alınmasını, inzibati tənbehvermə haqqında EQ 25486990 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini, inzibati material üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Məmməd Əliyev xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şikayətin təmin olunmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, BDYPİ tərəfindən qəbul edilmiş EQ 25486990 saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin İdarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Məmməd Əliyevin şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Belə ki, İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qərar qəbul edilərkən Məmməd Əliyevin şikayətində qeyd etdiyi hallar bir daha araşdırılmalı və obyektiv araşdırma nəticəsində yekun qərar qəbul edilməlidir. Belə ki, qərar qəbul edilərkən “DODGE DURANGO” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Məmməd Əliyevin adına verilmiş qüvvədə olan etibarnamənin olub-olmaması, olduğu təqdirdə qayda pozuntusunun məhz onun tərəfindən törədilib-törədilməməsi müəyyən edilməlidir. Qeyd edilən hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin inzibati xətanı törədə biləcək şəxslərin (mülkiyyətçi, həmin avtomobili idarə etmək hüququ olan digər şəxslər) izahatı alınmaqla və ya digər araşdırma üsulu ilə mümkün ola biləcəyi nəzərə alınmalıdır. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, BDYPİ tərəfindən qəbul edilmiş EQ 25486990 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması və yekun əsaslı qərar qəbul edilməsi məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25486990 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar