Məhkəmə qərarları › İş №3(060)-2110/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2110/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2110/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-788/2023 saylı icra sənədinə əsasən borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmiş, 3215 manat ödənilməmiş aliment borcu yığılmış, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Kənan Məhərrəmov izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-788/2023 saylı, 03 sentyabr 2024-cü il tarxli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il təvəllüdlü Murad və xx.xx.2022-ci il təvəllüdlü İlyas Ağakişizadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment və uşaqların 3 (üç) yaşı tamam olana qədər hər ay hər uşağa görə 50 manat maddi yardım tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilməmiş, nətocədə sonuncunun tələbkara ödənilməmiş 3215 manat aliment borcu yaranmışdır. Qeyd edir ki, protokol məhkəməyə təqdim edildikdən sonra borclu tələbkara yığılmış aliment borcundan 1500 manat ödəmiş, qalıq qalan 1715 manat borcu isə bu ayın 17-dək ödəyəcəyinə söz vermiş, tələbkar da bu təkliflə razılaşmış, aralarında razılıq əldə edilmişdir. Bu barədə hər iki tərəf ərizə yazmışlar. Qeyd olunanlara əsasən tələbkarın mövqeyini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir, həqiqətən də qeyd olunan icra sənədi üzrə tələbkara 3215 manat aliment borcu olmuşdur. İndiyədək ödəniş edə bilməməsinin səbəbi işsizliyi və səhhətinə yaranmış problemlə əlaqədar olmuşdur. Qeyd edir ki, protokol məhkəməyə təqdim edildikdən sonra yəni bu gün, tələbkara yığılmış aliment borcundan 1500 manat ödəmiş, qalıq 1715 manat borcu qalmışdır. Qalıq borcunu 17 sentyabr 2024-cü il tarixədək ödəyəcəyinə söz verir. Borclu tələbkara bu gün 1500 manat ödəniş etdiyini, 1715 manat borcu qaldığını bildirmişdir. O, tələbkarla qalıq borcun xx.xx.2024-cü il tarixədək ödənilməsi barədə razılığa gəlmişdir. Belə ki, o, xx.xx.2024cü il tarixdə tələbkara ödəniş edəcəyinə söz verir. Tələbkarın hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs 03 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək hazırda tələbkarla razılığa gəldiyini, əməlindən peşman olduğunu, sonuncuya 17 sentyabr 2024-cü il tarixdə ödəniş edəcəyini söz verdiyini bildirmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs ona indiyədək ödənilməmiş 3215 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs borclunun ona aylıq alimenti hər ay tam deyil, kəsrlə ödədəyini, son 2 ay ərzində isə heç bir ödəniş etmədiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs bu gün, yəni protokol baxılması üçün məhkəməyə verildikdən sonra 1500 manat ödəniş etmişdir. Hazırda borclu ilə qalıq borcun ödənilməsi qaydası barədə razılığa gəlmişdir. Belə ki, borclu ona söz verərək 17 sentyabr 2024-cü il tarixədək qalıq pulu ödəcəyini bildirmişdir. Hazırda borcluya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında hazırki işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. X2 03 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu ilə razılığa gəldiyini bildirərək inzibati xəta haqqında iş üzrə hazırkı icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə iclasında tədqiq aşağıdaki sənədlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən xx.xx.2017-ci il tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs müxtəlif tarixlərdə ərizə ilə İcra İdarəsinə müraciət edərək borclu tərəfindən icra sənədi üzrə ödənişlərin edilmədiyi, borclu məcburi icra tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin həmin icra sənədinə əsasən Şəxs 3215 manat aliment borcu yığılmış, həmin borcu ötən müddət ərzində ödəməmiş, bu səbəbdən icra məmuru aliment borcunun üzrsüz səbəbdən ödənilməməsi qənaətinə gəlmiş və İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini bildirmişdir. Lakin icra məmuru tərəfindən tələbkarın borclu ilə qətnamə üzrə aliment borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək niyyətinin olması hissəsində hər hansı araşdırma aparmadan, bu suallara aydınlıq gətirmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdır. Lakin məhkəmə baxışı zamanı Şəxs öz izahatında yığılmış aliment borcundan 1500 manat ödədiyini, qalıq borcun müəyyən vaxt ərzində ödənilməsi barədə özünün tələbkar ilə razılığa gəldiyini, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu faktı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs öz izahatında və məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri müəyyən edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar