Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2111/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş 14 avqust 2025-ci il tarixli, 13000-01129/25 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 bildirmişdir ki, Rusiyadan daşıyıcı şirkət sənədləri gec göndərdiyi üçün, onlar da bu səbəbdən Gömrük İdarəsinə gec məlumat vermişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3200/012/003843 nömrəli raportundan görünür ki, "xxxx" MMC-nin ünvanına 00546 nömrəli nəqliyyat qaiməsi ilə gələn yük Samur gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. "xxxx" MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi "xxxx" MMC tərəfindən təqdim edilmiş **********0625 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 13000-01129/25 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/003843 nömrəli raporta əsasən, hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixində **********0625 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük organına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Rusiya Federasiyasından hüquqi şəxs "xxxx" MMC-nin ünvanına gələn “Mühərrik yağları” adlı yük xx.xx.2025-ci il tarixində saat 17:01-də “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin qeyd edilən yük gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmişdir. **********0625 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasından da bu fakt aydın görünür. Yükə dair **********1578 nömrəli qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixində saat 16:54-də təsdiq edilmişdir. Beləliklə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Malın çatdırılması və boşaldılmasına dair Gömrük Xidmətinin “Vahid X1” informasiya resursundan çıxarışdan görünür ki, "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 18:41-də gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2111/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2111/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver