Məhkəmə qərarları › İş №3(060)-2112/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2112/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2112/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi ilə, Protokol tərtib edən şəxs Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X3, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP7216864 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdə, saat 21:45 radələrində, Sumqayıt şəhəri, Lermontov küçəsində **-LU-*** dövlət nömrə nişanlı, “VOLKSWAGEN JETTA MİNİK” markalı avtomaşınla hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu müəyyən edilmiş, sənədləri yoxlama zamanı sürücünün eyni qayda pozuntusuna görə xx.xx.2025-ci il tarixdə məsuliyyətə cəlb edilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 20 yanvar küçəsində avtomobili idarə edərkən şübhə doğurduğu üçün tərəfindən saxlanılmış, ondan spirt qoxusu gəldiyindən sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmə protokolu tərtib edilmiş və yoxlama nəticəsində sərxoş olduğu müəyyən olunmuşdur. Eyni əməl ikinci dəfə təkrarlandığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Şəxs müalicə aldığı üçün şöbəyə gələ bilməmiş və bu səbəbdən də protokol məhkəməyə gec təqdim edilmişdir. Məhkəmədən protokolun qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında yoldaşları ilə pivə içmiş və daha sonra isə avtomobili idarə etmişdir. Avtomobil ilə hərəkətdə olan zaman yol polisi tərəfindən saxlanılmış və müayinə zamanı içkili olduğu müəyyən olunmuşdur. Bundan əvvəl də gecə içki işib səhəri gün avtomobil idarə etdiyi üçün barəsində 400 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul edilmişdir. O, onurğasından müalicə aldığı üçün Sumqayıt şəhər DYPŞ-yə vaxtında gedə bilməmişdir. O, himayəsində iki azyaşlı uşaqları olduğunu, əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, şəxs əməlindən peşmandır və iki azyaşlı uşağı vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, materiallarda olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP6953486 nömrəli qərardan görünür ki, Şəxs, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmiş və 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP7216864 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdə, saat 21:45 radələrində, **-LU-*** dövlət nömrə nişanlı, “VOLKSWAGEN JETTA MİNİK” markalı avtomaşınla hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında xx.xx.2025-ci il tarixli 02667 nömrəli protokoldan görünür ki, Şəxs 0,561 faiz spirtli içki qəbul etməsi faktı müəyyən olunmuşdur. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki, nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saxlanca qəbul edilmişdir. Sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə «B1, B,» kateqoriyalı BC009422 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs himayəsində xx.xx.2017-ci il tarixli X6 və xx.xx.2016-cı il tarixli X4 adlı azyaşlı uşaqları vardır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.3-cü maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi özünün ifadəsi, Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7216864 nömrəli inzibati xəta haqqında protokol, tibbi müayinə aktı, digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə tətbiq edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, habelə təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən hallar və məsuliyyətini ağırlaşdıran halların olmaması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar