Məhkəmə qərarları › İş №3(060)-2113/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2113/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2113/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Hacıbəyli ərazi dairəsi, Arzu qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 03 sentyabr 2024-cü il tarixli MN1746686 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-894/2021 saylı, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1902/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-7426/2015 saylı və Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8i-10933 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, nəticədə üç icra sənədi üzrə ümumilikdə 6.979,71 manat məbləğində borcu ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-894/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5000 manat və 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X4 ödənilməlidir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1902/2021 saylı cavabdeh Şəxs 715 manat məbləğində ödənilməmiş hissə, 71 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 786 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-7426/2015 saylı icra sənədinə X2 və Şəxs "xxxx" MMC-nin xeyrinə 300 manat məbləğində əsas, 21 manat 98 qəpik faiz, 66 manat 73 qəpik cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 408 manat 71 qəpik pul tutulmalıdır. Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8i-10933 nömrəli, xx.xx.2022-ci il icra qeydinə əsasən Şəxs 700 manat və 25 manat dövlət rüsumu "xxxx" ASC-dən tutulmalıdır. Qeyd edilən icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya verilmişdir. Borclu icra tələblərini icra etmədiyi üçün əvvəllər Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Lakin, bu tənbehdən nəticə çıxarmamış və indiyədək heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun 4 icra sənədi üzrə 6979,71 manat borcu vardır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun barəsində cinayət işi olmuş, bir müddət həbsdə olmuşdur. Həmçinin uzun müddətdir ki, tələbkar Xətai Yusubovu tapa bilmədiyi üçün ödənişlər edə bilməmişdir. Hazırda üzərində 92 manat pul var, 60 manat da borc tapıb 150 manat ödəniş edə bilər. Bundan sonra hər ay ödənişlər edəcək və borcunu qısa müddətə bağlayacaq. Göstərilən halları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, borclu icra sənədini qərəzli olaraq icra etməkdən yayınır. Borclu ilə dəfələrlə əlaqə saxlayaraq pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Borclu icra idarəsinə gəlməkdən də yayınmışdır. Onun barəsində əvvəl də cərimə tətbiq edilmiş, lakin nəticəsi olmamışdır. Ona görə də borclu Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin işi olmadığı üçün ödəniş edə bilməmişdir. Hazırda üzrəində olan pulu da ödəniş kimi etməyə hazırdır. Bu isə onu göstərir ki, o icra sənədinin icrasından qərəzli olaraq yayınmır, imkanı olmadığı üçün ödəniş edə bilmir. Göstərilən halları nəzərə alaraq həbslə bağlı olamayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-894/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 5000 manat və 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 1902/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 715 manat məbləğində ödənilməmiş hissə, 71 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 786 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 7426/2015 saylı icra sənədindən görünür ki, X2 və Şəxs "xxxx" MMC-nin xeyrinə 300 manat məbləğində əsas, 21 manat 98 qəpik faiz, 66 manat 73 qəpik cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 408 manat 71 qəpik pul tutulmalıdır. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8i-10933 nömrəli, xx.xx.2022-ci il icra qeydindən görünür ki, Şəxs 700 manat və 25 manat dövlət rüsumu "xxxx" ASC-dən tutulmalıdır. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 894/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 1902/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan 03 sentyabr 2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 7426/2015 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8i-10933 nömrəli, xx.xx.2022ci il icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borclu Şəxs bildirişləri rəsmi qaydada qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs barəsində Sumqayıt şəhər İcra İdarəsinin icaatında dörd icra sənədi mövcuddur. Qeyd edilən icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmişdir. Borclu nə könüllü icra müddətəndə, nə də daha sonra icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Bundan sonra da Şəxs icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni uzun müddət ərzində icra sənədləri üzrə heç bir ödəniş etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 03 sentyabr 2024-cü il tarixdən saat 16:55-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən saat 16:55-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar