Məhkəmə qərarları › İş №3(060)-2115/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2115/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2115/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndənın iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 24 avqust 2023-cü il tarixli, ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 35391,57 ABŞ dolları məbləğində olan vəsaiti 20 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 35391,57 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 21 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə 35391,57 ABŞ dolları məbləğində vəsaitin ölkəyə qaytarılmasını təsdiq edən sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs QSC tərəfindən 35391,57 ABŞ dolları məbləğində vəsaiti xarici köçürmüşdür və həmin vəsait 35391,57 ABŞ dolları məbləğində vəsaitin ölkəyə qaytarılmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 24 avqust 2023-cü il tarixli, ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs QSC 35391,57 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 35391,57 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Ancaq işə baxılan vaxt məhkəməyə Şəxs QSC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş vəsaitin 35391,57 ABŞ dolları məbləğində hissəsi ölkəyə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs QSC tərəfindən “BME X1 Asansör İNŞ. SAN. İç ve Dış Ticaret LTD” şirkətinə ödənilmiş pul vəsaitinin 35391,57 ABŞ dolları məbləğində hissəsi ölkəyə qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən inzibati xəta törədilməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasından kənara ödənilmiş pul vəsaitinin 35391,57 ABŞ dolları məbləğində hissəsi ölkəyə qaytarılmışdır. Ona görə də, baxılan iş üzrə həm inzibati xəta hadisəsi olmadığına, həm də Şəxs QSC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar