Məhkəmə qərarları › İş №3(060)-2115/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2115/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2115/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 76, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və mübahisə nəticəsində Şəxs sonuncunu döyərək ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir və ekspert də müvafiq rəy vermişdir. Baş vemiş hadisə ilə əlaqədar Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, hadisə baş verən günü Sərmayə ilə yoldaşı arasında olan mübahisə zamanı yoldaşı Sərmayəyə şillə vurmuşdur. Bu zaman o yerə yıxılmışdır. Həmin vaxt o, qardaşına və yoldaşına səs-küy olmaması üçün iradını bildirmişdir. Çünki həmin vaxt qonşuda qonaq olmuşdur. Hadisə Zərərçəkmiş şəxs dediyi kimi olmayıb. Şəxs qərar qəbul edilərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, onun yoldaşı tez-tez spirtli içki qəbul edir və hazırda qaraciyər xəstəliyindən əziyyət çəkir. O, yoldaşının araq içməməsi üçün çalışır və onu spirtli içki içməyə qoymur. Çünki yoldaşı xəstəliyinin ağırlaşması nəticəsində ölə bilər. Hadisə baş verən günü qaynıgilə gedib yoldaşını çağırmış və ona araq içməməsini demişdir. Şəxs bu zaman ona yaxınlaşaraq onu itələmişdir, o, yerə yıxılmışdır. Daha sonra Elxan onun saçından tutmuş və təpiklə vurmuşdur. Həmçinin onu nalayiq sözlərlə təhqir edərək evdən çıxmasını bildirmişdir. Qeyd edir ki, Elxan mübahisə zamanı hətta onun rəhmətə gedən qohumlarının da ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt yoldaşı yox, qaynı Elxan onu vurmuşdur. Zərərçəkmiş şəxs qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, zərəçəkmiş şəxsi və protokol tərtib etmiş 5-ci PB-nin nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi vardır. Şəxs təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi və inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1295 saylı ekspert rəyi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1295 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində Sol bazunun qançırı, sağ dirsək oynağı nahiyyəsinin və sağ ayağın bayır topuq nahiyyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, müayinədən 3-4 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Şəxs sözügedən hadisəni törətməməsi barədə izahatı özünümüdafiə xarakteri daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar