Məhkəmə qərarları › İş №3(060)-2115/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2115/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2115/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 14000-02171/25 nömrəli inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi və barəsində protokol tərtib edilmiş şəxs Şəxs QSCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin və Şəxs QSC-nin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin, Təhqiqat Bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 14000-02171/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına Çindən xx.xx.2025-ci il tarixdə 1 (bir) ədəd 2025-ci il buraxılışlı, “Sinotruk Bolden” markalı yük avtomobili daxil olmuşdur. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına idxal edilmiş nəqliyyat vasitəsinə dair **********3280 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Bununla əlaqədar X1-Təhqiqat şöbəsinə Şəxs X3 Cəmiyyəti tərəfindən törədilən hüquqpozma faktı barədə 3-33- 3300/012/003562 nömrəli, xx.xx.2025-ci il tarixli raport daxil olmuşdur. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına Çindən idxal olunmuş nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postunu keçərək ölkə ərazisinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün təyinat gömrük orqanı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi təyinatı üzrə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Həmin nəqliyyat vasitəsinə dair **********3280 sorğu nömrəli gömrük bəyannaməsi təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində deyil, xx.xx.2025-ci il tarixdə verilmişdir. **********3280 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC-nin ünvanına Çin Xalq Respublikasında fəaliyyət göstərən “SİNOTRUK LİGHT AUTOMOTİVE” şirkəti tərəfindən göndərilən mallar xx.xx.2025-ci il tarixdə gömrük orqanına bəyan edilmişdir. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin, Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Şəxs QSC-nin səlahiyyətli nümayəndəsi, qanuni təmsilçisi X5 xx.xx.2025-ci il tarixli izahat vermiş və izahatında bildirmişdir ki, Şəxs QSC-nin ünvanına Çindən 1 (bir) ədəd 2025-ci il buraxılışlı, “Sinotruk Bolden” markalı yük sərnişin avtomobili idxal olmuşdur. Həmin nəqliyyat vasitəsi gömrük orqanına xx.xx.2025-ci il tarixdə gətirilmişdir. Nəqliyyat vasitəsinə dair **********3280 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Nəqliyyat vasitəsi qanunvericiliklə nəzərdə tutulduğundan daha gec bəyan edilmişdir. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, Şəxs QSC-nin (VÖEN: **********) ünvanına gələn minik avtomobil **********3280 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin gömrük bəyannamələri vaxtında təqdim edilməmişdir. Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, Şəxs QSC-nin ünvanına göndərilən “1.Spare Parts-2 Qutu” adlı mallar xx.xx.2025-ci il tarixdə, saat 13:15-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni QSC ünvanına göndərilən malın rəsmiləşdirilməsi ilə bağlı gömrük bəyannaməsini vaxtında təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs QSC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar