Məhkəmə qərarları › İş №3(060)-2117/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2117/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2117/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Rüfət Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(060)-241/2024 saylı icra sənədi ilə müəyyən edilmiş öhdəliklərlə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Günel İbrahimovna icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Rüfət Məmmədov izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 16(060)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü Lyudmila Quliyeva və xx.xx.2017-ci il təvəllüdlü Günay Quliyeva ilə hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək (6 saat) kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna Şəxs tərəfindən edilən maneələr aradan qaldırılması qərara alınmışdır. Lakin borclu tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş qaydada icra edilməmişdir. Belə ki, bir neçə dəfə uşaqların tələbkarla görüşə gətirilməsi ilə bağlı icra idarəsində görüş təyin edilsə də, uşaqlar İbrahimova tərəfindən idarəyə gətirilməmiş, bildirdiyinə görə uşaqlar ataları ilə görüşməkdən imtina etmişlər. Həmçinin borclunun özü də, icra idarəsinə gəlməkdən müxtəlif bəhanələr gətirərək yayınmışdır. Bu səbəbdən borclu axtarışa verilmiş və polis əməkdaşları tərəfindən Şəxs bu günki tarixdə İcra İdarəsinə gətirilmişdir. Qeyd edir ki, borclu qərəzli olaraq tələbklarla övladları arasında görüşə maneə yaradır. Belə ki, protokolu məhkəməyə təqdim edib məhkəmə binasının koridorunda iclasın başlanma vaxtını gözləyərkən tələbkar Zərərçəkmiş şəxs qızı Lyudmila ilə çox səmimi söhbət etdiyini, atasının onu mehribancasına, nəvazişlə qucaqladığını, Lyudmilanın isə buna heç bir etiraz etmədiyini, onun da atasına səmimi münasibətinin olmasının şahidi olmuşdur. Həmin vaxt baş verənləri istifadəsində olan mobil telefona çəkmiş və həmin görüntüləri təqdim edir. Hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunanlara əsasən borclu barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli hesab etmir, icra məmurunun çağırışlarına qızılca xəstəliyinə tutulduğu üçün getməmişdir. Lakin bu barədə hər hansı rəsmi təsdiqləyici sənədi məhkəməyə təqdim edə bilmir. Qeyd edir ki, övladlarının ataları ilə görüşməsinə maneə yaratmamışdır. Bildirir ki, böyük övladına atası tərəfindən onun əleyhinə fikirlər səsləndirilmiş, ondan uzaqlaşdırmağa çalışmışdır. Qeyd edir ki, Elxan böyük oğlanlarını bir müddət bundan öncə məktəbdən götürərək öz yanına aparmış, artıq 3 aydır ki oğlunu görə bilmir. Əlavə olaraq bu işlə bağlı icra məmurunun deyil rəisinin qəbuluna gəlmişdir. Həqiqətən də icra məmuru tərəfindən uşaqların ataları ilə görüşmələri üçün maneələrin aradan qaldırılması ondan tələb edilmiş, İcra İdarəsinə bu barədə izahat vermək məqsədilə gəlməsi üçün zənglər edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarına əsasən qızları Lyudmila və Günayla hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək ( altı saat) kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olması barədə qərar qəbul edilmişdir. Lakin onun bu hüququna Şəxs tərəfindən maenələr yaradılır, nəticədə o qızları ilə uzun müddətdir ki, görüşə bilməmişdir. Bildirir ki, onun uşaqlarınına qarşı böyük məhəbbəti var, həmçinin bilir ki, qızları da onu ata kimi çox istəyir, onunla yaşamaq istəyirlər. Günay İbrahimova hər vəchlə uşaqları ilə onun görüşməsinə maneə yaradır, imkan vermir, onun barəsində nalayiq sözlər deməklə qızlarını onun əleyhinə öyrədir. Hətta guya onun pis vərdişləri olduğunu da bildirmişdir. Halbuki bu yalandır, o, boks federasiyasında işləyir. Qızlarının ona qarşı böyük məhəbbəti var, bu bir daha işə məhkəmə iclasında baxılanadək məhkəmin koridorunda bir daha sübut olundu, icra məmuru həmin anı telefonu ilə çəkmişdir. Bir daha bildirir ki, Şəxs uşaqlarınaa təsir edərək ondan uzaqlaşdırmağa çalışır. Borcludan şikayətçidir, aylardı qızlarını görə bilmir. Qeyd olunanların nəzərə alınmasını və borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs icra sənədi ilə müəyyən edilmiş tələbin icra edilməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Şəxs izahatı alınmış və ona İXM-nin 528.1-ci maddəsinin mahiyəti izah olunmuş və məsuliyyəti barədə xəbərdar edilmişdir. İcra sənədinin icrasının qeyri-mümkün olması barədə İcra İdarəsində tərtib edilmiş, xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli aktlarla öz tədiqini tapmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən borclunun və uşağının axtarılması barədə axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İcra məmuru tərəfindən təqdim olunmuş məəhəkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş DVD diskə baxış keçrilən zaman tələbklar Zərərçəkmiş şəxs qızı Lyudmila Quliyeva ilə Sumqayıt şəhər Məhkəmə Kompleksinin inzibati binasında səmimi söhbət edir, ata qızı ilə tərbiyəvi mövzuda söhbət edərək, onu qucaqlayır, öz məhbəbətini nümayiş etdirir. Bu zaman Lyudmila atasına qarşı hər hansı etiraz etmir, ona qarşı hər hansı ifadə səsləndirmir, əksinə atasını diqqətlə dinləyərək o, da atasını qucaqlayır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nın 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 16(060)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi üzrsüz səbəbdən olmuşdur. Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, borlu hər hansı üzrlü səbəb olmadan qərarda qeyd edildiyi kimi, tələbkarın qızları ilə hər həftənin bazar günü kənar şəxslərin iştirakı olmadan görüşmələrinə maneə yaratmış, buna müxtəlif əsassız bəhanələr gətirərək imkan verməmişdir. Belə ki, bu hal həm icra işində olan sübutlar, izahatlar, və məhkəmə iclasında baxış keçrilən disklə bir daha sübut olunmuşdur. Göründüyü kimi icra məmuru tərəfindən qərarın icra edilməsi üçün qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Rüfət Məmmədovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nın həmin normasılə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Şəxs tərəfindən İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin və borclunun verilmiş olduğu izahatları o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nın 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nın 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən o cümlədən qəbul edilən qərarlarda biri də inzibati tənbeh vermə haqqında qərardır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquqi yardım göstərilməsi Sumqayıt Regional Vəkil Bürosu Vəkil həvalə edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar