Məhkəmə qərarları › İş №3(060)-2120/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2120/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2120/2025 21.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8i-6681 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8i-6681 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Şəxs sms bildirişlər göndərilmiş, lakin, o, İcra İdarəsinə gəlməmişdir. Daha sonra barəsində məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunmuş, lakin, məlum olmuşdur ki, şəxs qeydiyyatda olduğu ərazidə yaşamır və onun barəsində axtarış elan edilmişdir. Borcluya borcun ən azı 1/4 hissəsinin ödənilməsini təklif etmiş, lakin onun tərəfindən heç bir hərəkət edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, zərərçəkmiş şəxslə əvvəldən tanışdır və ona işlərində kömək etmiş və həmin işlərdə xeyri də olmuşdur. Zərərçəkmiş şəxsin Sumqayıt şəhəri Corat qəsəbəsində qeyri-yaşayış sahəsi olmuş və onu satmaq istəmiş, lakin sata bilməmişdir. O, həmin qeyri-yaşayış sahəsini satmaqda köməklik etmiş və zərərçəkmiş şəxs ona həmin puldan 16000 manat borc vermişdir. O, armaturlar satıldıqdan sonra borcu qaytaracağını bildirsə də, qaytara bilməmişdir. Belə ki, özü də aldanmışdır. O, borc məbləğini toplamaq istədiyindən və bu mümkün olmadığından icra idarəsinə gedə bilməmişdir. Hazırda 300 manat məbləğində ödəniş etməyə imkanı çatır. O, on gün ərzində borcunu tam ödəyə biləcəyini, iki qız övladının olduğunu nəzərə alaraq məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs 10-15 ildir ki tanıyır, özü tikintidə işləyir. Əli ona xırda işlərdə kömək etmişdir. Həmçinin alqı-satqı ilə də məşğul olduğu üçün Corat qəsəbəsində olan qeyri-yaşayış sahəsini satmaqda kömək etməsini istəmişdir. Əli həmin qeyri-yaşayış sahəsinin satılmasında köməklik etmiş və bunun qarşılığında ona da haqq ödəmişdir. O, pulu aldıqdan sonra Əli ondan 16000 manat məbləğində borc istəmiş, armaturlar satıldıqdan sonra tez bir müddətdə qaytaracağını bildirmişdir. Lakin, bu günədək Əli ona heç bir ödəniş etməmişdir. O, borc məbləğinin tam olaraq qaytarılmasını tələb etmiş və məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmadığını və vaxt verilməsini istəməsini nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8i-6681 nömrəli icra qeydindən görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs vaxtında ödənilməmiş 16000 (on altı min) manat pul vəsaiti və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16025 (on altı min iyirmi beş) manat pul tutulmalıdır. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8i-6681 nömrəli icra qeydi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 8i- 6681 nömrəli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş Şəxs göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8i-6681 nömrəli icra qeydinə əsasən icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Borclu icra sənədini maddi çətinliyə görə ödəyə bilmədiyini, ona vaxt verilməsini, borcunu yaxın günlərdə tam ödəyəcəyini bildirmişdir. Lakin, tələbkar isə borcun tam ödənilməsini tələb etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar