Məhkəmə qərarları › İş №3(060)-2122/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2122/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2122/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirlik bağları 931 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X7 tərəfindən 21 iyun 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9569/2016 saylı, 15.08.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 12.540,00 manat aliment borcunu üzürsüz səbəbdən icra etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9569/2016 saylı, 15.08.2016-cı il tarixli icra sənədi üzrə Şəxs 27.10.2007-ci il tarixdə doğulmuş X9 və hər ay 117 manat sabit pul məbləğində aliment 07.06.2016-cı il tarixdə başlayaraq tutulub 11.04.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməlidir. Şəxs hər ay 50 manat miqdarında aliment 07.06.2016-cı il tarixdən başlayaraq 11.04.2017-ci il tarixdən tutulub X4 verilməlidir. Halhazırda aliment borcu 12.540,00 manat təşkil edir və borclu aliment borcunu üzürsüz səbəbdən icra etməmişdir. Axtarışla icra şəbəsinə gətirilmişdir. İcra sənədi üzrə tələbkar X6 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9569/2016 saylı, 15.08.2016-cı il tarixli icra sənədi üzrə Şəxs hər ay hər 117 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Hal-hazırda aliment borcu 12.540,00 manat təşkil edir. Borclu Şəxs uşaqlara aliment ödəməsindən yayınması üçün qeydiyyatı Sumqayıt şəhəri olsa da Bakı şəhərində Xəzər bağlarında gizlənibdir. Hər dəfə onunla telefonla danışanda ona deyirdi ki, qoy polis gəlsin onu tapsın görüm necə tapır. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınmasını və borclu Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9569/2016 saylı, 15.08.2016-cı il tarixli icra sənədi üzrə ondan hər ay hər 117 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. O əvvəllər aliment ödənişləri etmişdir. Hazırda heç bir yerdə işləmədiyindən aliment borcunu ödəyə bilməmişdir. Hal-hazırda aliment borcunu ödəməyə imkanı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınmasını və onun yüngül tənbeh edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 21 iyun 2021-ci il tarixdən saat hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli (iş № 3(060)-2122/2021) qərarını icra edərək, Vəkil onun vəkili təyin etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclaslarında iştirak etmiş inzibati işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin hüquqlarının müdafiəsi üçün 1 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 iyun 2021-ci il tarixdən, saat 18:15-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 01 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar