Məhkəmə qərarları › İş №3(060)-2123/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2123/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2123/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X3 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-də formalaşan tullantı sularının Xəzər dənizinə axıdılması, lazımi icazə sənədi olmadan quyu qazılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında və eyni zamanda yerli baxışda iştirak edən protokol tərtib etmiş Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X9 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 saylı X1 xx.xx.2025-ci il tarixli Sərəncamı əsasında 5 gün müddətində monitorinq keçirilməsi müəyyən edilmişdir. Qeyd edilən Sərəncam əsasında xx.xx.2025-ci il tarixdə monitorinq keçirilmiş və "xxxx" MMC-yə məxsus balıq məhsullarının emalı və hislənməsi sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantı sularının plastik boru vasitəsilə heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Xəzər dənizinə axıdıldığını aşkar etmişlər. Bundan başqa, məişətdə və istehsalatda sudan istifadə edilməsi məqsədilə bir ədəd quyu qazılması və quyunun suyundan istifadə edilməsi müəyyən olunmuşdur. "xxxx" MMC-nin nümayəndəsindən su təsərrüfatı pasportunun təqdim edilməsi tələb olunsa da, o, su təsərrüfatı pasportunun olmadığını bildirmişdir. Həmçinin, nümayəndə Faiq Məmmədxanov yerində aparılan araşdırmada iştirak etməkdən imtina etmiş və tərtib edilmiş aktı imzalamamışdır. "xxxx" MMC-yə inzibati icraatın aparılması ilə bağlı bildiriş göndərilmişdir və bu barədə poçt qəbzi də mövcuddur. Bundan başqa, çirkab sularının Xəzər dənizinə axıdılması ilə bağlı foto və video görüntülər də mövcuddur. "xxxx" MMC-nin nümayəndəsi quyudan istifadə etmədiklərini bildirsə də, MMC-nin su sayğacına sonuncu dəfə 2023-cü ildə ödəniş edilməsi, 2024-2025-ci illər üzrə su sərfiyyatının olmaması ilə bağlı sistemdən çıxarış mövcuddur. Bundan başqa, onlar müəssisənin içərisinə daxil olmamışlar, Xəzər dənizinin sahilboyu ərazisində monitoriq aparılması zamanı müəssisədən çirkab sularının dənizə axıdılması faktını aşkar etmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında və eyni zamanda yerli baxışda iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, protokol tərtib etmiş orqanın yoxlama aparılması ilə bağlı qərarı yoxdur. Qərar olmadan və yoxlama aparılmasına dair qərar yoxlamaların vahid reyestrinə daxil edilmədən protokol tərtib edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Qanunun tələblərinə ziddir. Bundan başqa, MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 264.0.7-ci maddəsi ilə protokol tərtib edilsə də, həmin quyu MMC tərəfindən qazılmamışdır. Quyu 1968-ci ildən həmin ərazidə olmuşdur. Belə ki, qeyd edilən ərazi H.Z.Tağıyev adına Balıq Hisləmə ASC-nin ərazisidir və "xxxx" MMC ilə H.Z.Tağıyev adına Balıq Hisləmə ASC arasında icarə müqaviləsi mövcuddur. Həmin ərazi 3703,5 kv./metr olsa da 1617,1 kv/m sahə MMC tərəfindən icrarəyə götürülmüşdür. Quyu isə həmin əraziyə aid deyil və MMC-nin istifadəsində deyildir. MMC su ehtiyatını su çənləri vasitəsilə və Su Kanal İdarəsi tərəfindən quraşdırılmış sayğaca kart vasitəsilə ödəniş etməklə təmin edir. Həmçinin, bildirmişdir ki, müəssisədə suyun çirkabdan təmizlənməsi üçün nəzərdə tutulmuş qurğu yoxdur. Çirkab suları müəssisədə yaradılmış xüsusi quyulara yığılaraq, xüsusi maşınlar vasitəsilə daşınır. Qeyd edilənlərə əsasən protokol tərtib edən orqanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Qanunun tələblərinə zidd olaraq yoxlama apardığını bildirmiş və bu səbəbdən də inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-də formalaşan tullantı sularının Xəzər dənizinə axıdılması, lazımi icazə sənədi olmadan quyu qazılması faktı aşkar edilməsi nəticəsində MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddələrində nəzərdə tutulan xətanın törədilməsi müəyyən edilmişdir. 18 avqust 2025-ci il tarixli 000428 nömrəli aktdan görünür ki, Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 11 avqust 2025-ci il tarixli 0009 nömrəli sərəncamına əsasən, Azərbayan Respublikasının Su Məcəlləsinin “Su təchizatı və tullantı sular haqqında” Qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus balıq məhsullarının emalı və hislənməsi sexinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı formalaşan istehsalat və məişət tullantı sularının xüsusi çəkilmiş plastik boru ilə heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Xəzər dənizinə axıdılması müəyyən edilmişdir. Məişətdə və istehsalatda sudan istifadə olunması məqsədilə bir ədəd quyu qazılmışdır və qazılmış quyunun suyundan istifadə olunur. Araşdırma zamanı aşkar olunmuşdur ki, su çıxarmaq məqsədilə qazılmış quyunun qazılmasına görə lazımi icazə sənədləri yoxdur. "xxxx" MMC-dən su təsərrüfatı pasportunun təqdim olunması istənilsə də, su təsərrüfatı pasportunun olmadığı bildirilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X2 yerində aparılan araşdırmada iştiraka dəvət edilsə də, iştirakdan imtina etmişdir. Müəssisənin nümayəndəsi X2 şifahi olaraq sudan istifadə üçün qazılan quyunun istehsalat və məişət tullantı sularının Xəzər dənizinə axıdılmasına dair müvafiq icra hakimiyyəti orqanından icazə sənədinin olmadığını bildirmişdir. Bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 77, 78 və 103-cü maddələrinin “Su təchizatı və tullantı suları haqqında” qanunun və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarından irəli gələn tələbləri pozulmuşdur. Ərazidə çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli 3-53-1-2/2-84/2025 nömrəli "xxxx" MMC-yə ünvanlanmış inzibati araşdırmada nümayəndənin iştirakının təmin edilməsi ilə bağlı məktub göndərilmiş və məktubun göndərilməsini təsdiq edən poçt qəbzi məhkəmə iclasında təqdim edilmişdir. Protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-nin fəaliyyət göstərdiyi müəssisədən çirkab sularının plastik boru vasitəsilə Xəzər dənizinə axıdılıması, digər fotoşəkildə isə ərazidə qazılmış su quyusunun olması və həmin quyudan müəssisəyə doğru plastik borunun çəkilməsi müşahidə edilir. Bundan başqa, protokola əlavə edilmiş video görüntüyə məhkəmə iclası zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-nin fəaliyyət göstərdiyi müəssisədən çirkab sularının plastik boru vasitəsilə Xəzər dənizinə axıdılıması, digər görüntüdə isə ərazidə qazılmış su quyusunun olması və həmin quyudan müəssisəyə doğru plastik borunun çəkilməsi müşahidə edilir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi tərəfindən təqdim edilmiş su sayğacının foto şəklindən görünür ki, sayğacın ekranında yüklənən məbləğ 50.00 manat xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən H.Z.Tağıyev adına X12 Səhmdar Cəmiyyəti icarəçi "xxxx" MMC-yə müəssisənin 1617 kv.m. ərazisini icarəyə vermişdir. Həmin müqaviənin 3-cü bəndində qeyd edilmişdir ki, icarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 11-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə)istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “icarəçi” (lər) tərəfindən ödənilir. Protokol tərtib edən şəxs tərəfindən təqdim edilmiş Su Kanal İdarəsinin sistemindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi 126 ünvanında yerləşən abonentin sonuncu dəfə su sayğacına xx.xx.2023-cü il tarixdə ödəniş etməsi və 2024 və 2025-ci illər üzrə sayğacda su sərfiyyatı 0,00 kimi qeyd edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası Rəhbərinin xx.xx.2025-ci il tarixli 40 nömrəli Sərəncamından görünür ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində bir sıra məsələlərin tənzimlənməsi ilə bağlı İşçi qrupun yaradılmasına dair sərəncam verilmiş, Sərancamda İşçi qrupunun üzvü kimi Azərbaycan Respublikasının Dövlət X5 nümayəndəsi də qeyd edilmişdir. Məhkəmə tərəfindən barəsində protokol tərtib edilmiş "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən müəssisəyə tərəflərin nümayəndələrinin iştirakı ilə yerli baxış keçirilmiş və yerli baxış zamanı müəssisənin binasının arxa tərəfindən xüsusi çən quraşdırılması və həmin çənin altından çirkab sularının təmizlənmədən Xəzər dənizinə axıdılması müşahidə edilmişdir. Bundan başqa, həmin ərazidə bir ədəd su quyusunun olması və quyudan müəssisənin binasına plastik borunun çəkilməsi və borunun üzərinin torpaqla qapadılması, müəssisənin çölündə yerləşən su sayğacında sayğac bağlıdır yazısının olması müəyyən edilmişdir. Həmçinin, yerli baxış zamanı "xxxx" MMC-nin nümayəndəsi və müdafiəçisi müəssisədə çirkab sularının təmizlənməsi üçün nəzərdə tutulan qurğunun olmadığını, çirkab sularının müəssisənin daxilində olan boru vasitəsilə yaradılmış quyuya yığıldığını və xüsusi maşınlar tərəfindən mütəmadi olaraq daşındığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.1 və 264.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslərin altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərin yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən maddənin dispozisiyasından görünür ki, əməl üzrə inzibati xəta tərkibi su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında, hüquqi şəxsin fəaliyyət göstərdiyi əraziyə yerli baxış zamanı barəsində inzibati qaydada icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və müdafiəçisi müəssisədə suların zərərli təsirinin qarşısını alan, suyun çirkabdan təmizlənməsi üçün nəzərdə tutulmuş qurğu və avadanlığın olmadığını, çirkab sularının müəssisənin içərisində xüsusi yaradılmış quyulara yığıldığını və maşınlar vasitəsilə daşındığını bildirmişdir. Lakin, protokola əlavə edilmiş foto və video görüntülərdə, eyni zamanda yerli baxış keçirilərkən "xxxx" MMC-yə məxsus balıq məhsullarının emalı və hislənməsi sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Xəzər dənizinə axıdılması müşahidə edilmişdir. Hüquqi şəxsin nümayəndəsi tullantı və çirkab sularının xüsusi quyuya yığılaraq maşınlar vasitəsilə daşındığını bildirsə də, qeyd edilən xidmətin göstərilməsinə dair heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsinə əsasən su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə fiziki şəxslərin altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərin yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin İXM-nin 264.0.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə bağlı qeyd edir ki, protokola əlavə edilmiş foto görüntülər və yerli baxış zamanı balıq məhsullarının təmizlənməsi və hisləmə sexinin fəaliyyət göstərdiyi ərazidə 01 (ədəd) su quyusunun olması və su quyusundan plastik borunun müəssisənin binasına çəkilməsi müşahidə edilmişdir. Barəsində protokol tərtib edilmiş hüquqi şəxs quyunun müəssisə tərəfindən qazılmadığını, quyunun 1968-ci ildə qazılmasını, müəssisənin həmin quyudan istifadə etmədiyini bildirsə də, qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi MMC-nin sayğaca kart vasitəsilə pul ödəməklə və su çənləri vasitəsilə su ehtiyacını qarşıladığını bildirsə də, protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi sistemdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən abonent tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə su sayğacına ödəniş edilmiş və 2024-2025-ci illər üzrə su sərfiyyatı 0,00 olaraq qeyd edilmişdir. Göründüyü kimi MMC-nin nümayəndəsi və müdafiəçisi tərəfindən məhkəmə iclasında müəssisəsinin su ehtiyacının Su Kanal İdarəsinə pul ödənilməsi ilə və su çənlərinə suyun doldurulması vasitəsilə qarşılandığını bildirilsə də, qeyd edilən hal məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati qayadada icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə iş materialları arasında olan ziddiyyətlər mövcuddur. Nümayəndənin izahatı özünü müdafiə xarakteri daşıyır və inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin İXM-nin 264.0.1 və 264.0.7ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, protokola əlavə edilmiş foto və videogörüntülər, yerli baxış zamanı qeydə alınan görüntülərlə sübuta yetirilmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, hüquqi şəxsin nümayəndəsinin protokol tərtib etmiş orqanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Qanunun tələblərinə zidd olaraq yoxlama aparılması barədə qərarın yoxlamaların vahid reyestrinə daxil edilmədən aparılması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində bir sıra məsələlərin tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası Rəhbərinin xx.xx.2025-ci il tarixli 40 nömrəli Sərəncamına əsasən yaradılmış işçi qrupu tərəfindən aparılan monitorinq zamanı aşkara çıxan fakt əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Su Məcəlləsinin : 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 264.0.1 və 264.0.7ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 264.0.1 və 264.0.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar