Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2124/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisləri, polis kapitanı X3 və polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi fərdi evdə məskunlaşmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala və 21.06.2021-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs tutularaq aparıldığı 1-ci PB-də 19.06.2021-ci il tarixdə dəhlizdə səs-küy salaraq normal iş rejiminə maneçilik törətmiş, dəfələrlə xəbərdarlıqlara baxmayaraq vətəndaşların yanında ucadan danışmış, nalayiq söyüşlər söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Şəxs tutularaq aparıldığı 1-ci PB-də 19.06.2021-ci il tarixdə dəhlizdə səs-küy salaraq normal iş rejiminə maneçilik törətmiş, belə ki, dəfələrlə xəbərdarlıqlara baxmayaraq vətəndaşların yanında ucadan danışmış, nalayiq söyüşlər söymüşdür. Buna görə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 20.06.2021-ci il tarixdə 1-ci PB-nə gətirilmişdir. Bölmədə olan zaman dəhlizdə-vətəndaşların yanında ucadan danışmış, heç bir söyüş söyməmiş, qayda pozmamışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun tutularaq aparıldığı 1-ci PB-də 19.06.2021-ci il tarixdə dəhlizdə səs-küy salaraq normal iş rejiminə maneçilik törətməsi, dəfələrlə xəbərdarlıqlara baxmayaraq vətəndaşların yanında nalayiq söyüşlər söyməsi təsdiq edilmir və hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər törədilməmişdir. Məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2124/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2124/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver