Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2128/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 55 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 05 sentyabr 2024-cü il tarixli MN1746690 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-291/2018 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-684/2023 saylı və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 677/2023 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, nəticədə üç icra sənədi üzrə ümumilikdə 8350,24 manat məbləğində borcu ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-291/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5100 manat məbləğ alınıb iddiaçı X2 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-684/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs ümumilikdə 135,87 manat borc tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-677/2023 saylı icra sənədinə Şəxs Qurban oğlundan əsas borc üzrə ümumilikdə 5089 manat 97 qəpik tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya verilmişdir. Borclu tələbkar Şəxs ümumilikdə 2.195 manat ödəniş etmiş, qalan borclar üzrə heç bir ödəniş etməmişdir. Sonuncu ödəniş 2023-cü ilin dekabr ayında olmuşdur. Bundan sonra borclu icra idarəsinə də gəlməmişdir və axtarış qərarı ilə onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Şəxs əvvəllər İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Həmçinin bildirmişdir ki, borclunun hər hansı əmlakı və ya gəliri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o maddi vəziyyəti ilə əlaqədar ödənişlər edə bilməmişdir. Belə ki, uzun müddətdir ki, işsizdir. Həmçinin bildirmişdir ki, səhhəti ilə əlaqədar icra məmurunun çağırışlarına gələ bilməmişdir. Ona vaxt verilərsə bundan sonra hər ay ödənişlər edəcək. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Bekə ki, borclu əvvələr ödənişlər etmişdir, lakin işi olmadığı daha sonra ödəniş edə bilməmişdir. Ödənişin olmaması onun iradəsindən asılı olmayan səbəbdən, yəni maddi vəziyyətinin pis olması ilə bağlı olmuşdur. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-291/2018 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 5100 manat məbləğ alınıb iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 684/2023 saylı icra sənədindən görünür ki, Şəxs ümumilikdə 135,87 manat borc tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2(060)-677/2023 saylı icra sənədindən görünür ki, Şəxs Qurban oğlundan əsas borc üzrə ümumilikdə 5089 manat 97 qəpik tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-291/2018 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-684/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(060)-677/2023 saylı icra sənədləri üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borclu Şəxs bildirişləri rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Qurban oğlunun İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs barəsində Sumqayıt şəhər İcra İdarəsinin icaatında üç icra sənədi mövcuddur. Qeyd edilən icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmişdir. Birinci icra sənədi altı ildən artıq müddətdir ki, icaatdadır, qeyd edilən müddət ərzində həmin icra sənədi üzrə mövcud olan 5100 manat borcdan indiyə kimi 2195 manat ödəniş edilmişdir. Sonuncu ödəniş isə 2023-cü ilin dekabr ayında olmuşdur. Qeyd edilən icra sənədinin icra edilməməsinə görə Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Digər iki icra sənədi isə bir ildən artıq müddətdir ki, icra idarəsinin icraatındadır, lakin həmin icra sənədləri üzrə heç bir ödəniş olmamışdır. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni uzun müddət ərzində icra sənədləri üzrə ödəniş etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 05 sentyabr 2024-cü il tarixdən saat 15:05-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən saat 15:05-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2128/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2128/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver