Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-213/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs Allahverdiyev Namiq Ədalət oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 07.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Allahverdiyev Namiq Ədalət oğlunun tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Allahverdiyev Namiq Ədalət oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 07.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Allahverdiyev Namiq Ədalət oğlu şikayəti onunla əsaslandırdı ki, Sumqayıt şəhər 3-cü Polis Bölməsi tərəfindən 07 yanvar 2021-ci ildə barəsində MN № ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında 07.01.2021-ci il tarixində MN № ******* saylı qərar qəbul edilmiş, AR İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə edilmişdir. Beləki qəbul edilmiş qərarda göstərilmişdir ki, “X1 Ədalət oğlu Sumqayıt şəhəri ərazisində 40-cı məhəllə ünvanında lazımi icazə olmadan yaşayış yerini tərk etmişdir”. Həmin qərara əsasən o, AR İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. O, barəsində tərtib olunmuş MN № ******* saylı qərarla razılaşmır. Beləki, o, şəxsiyyətini təsdiq edən AZE 09562228 saylı şəxsiyyət vəsiqəsi ilə “8103” nömrəsinə SMS göndərmişdir. Ona buna görə də 14:11-dən 3 saat müddətinə icazə verilmişdir (Sumqayıt “Asan xidmət Mərkəzindən” ona məxsus şəxsiyyət vəsiqəsini almaq üçün icazə almışdır). Sumqayıt "Asan xidmət Mərkəzindən 07.01.2021 -ci ildə AA ******* saylı şəxsiyyət vəsiqəsini alıb qayıdarkən yolda polis əməkdaşları onu saxlamış və barəsində inzibati qaydada cərimə protokolu yazmışlar. Ona məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsinin verilmə tarixi 07.01.2021-ci ildir. Protokolun yazılmasına ona məxsus əvvəlki şəxsiyyət vəsiqəsi ilə yeni verilmiş şəxsiyyət vəsiqəsinin seriya nömrələrinin müxtəlif olması səbəb olmuşdur. Qeyd edilənlərə əsasən bildirir ki, o, icazəli olaraq hərəkət etmişdir. Bu barədə protokol tərtib edən polis əməkdaşının nəzərinə çatdırsa da o, heç bir əsas olmadan protokol və qərar qəbul edərək onu inzibati qaydada cərimə etmişdir. Bunları nəzərə alaraq, Allahverdiyev Namiq Ədalət oğlu Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 07.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 07.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sms icazədən görünür ki, 07.01.2021-ci il tarixldə AZE 09562228 saylı şəxsiyyət vəsiqəsi ilə “8103” nömrəsinə SMS göndərilmiş, buna görə də 14:11-dən 3 saat müddətinə icazə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət,prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Allahverdiyev Namiq Ədalət oğlunun şikayəti təmin olunmalı, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 07.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Allahverdiyev Namiq Ədalət oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 07.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-213/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-213/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver