Məhkəmə qərarları › İş №3(060)-213/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-213/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-213/2024 19.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2024cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2564/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-4010/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-1464/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 məhkəməyə bildirdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2564/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-4010/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-1464/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Dəfələrlə idarəyə dəvət olunmuş, borcun ödənilməsi tələb edilmiş, lakin o, borcunu ödəməkdən yayınmışdır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir. Ailənin tək qazanc gətirən şəxsi atasıdır. Atası ayda 50 manat, 100 manat olmaqla ödəniş edir. Bunların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, imkanı olmadığından ödəniş edə bilmir. Ona görə də, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2564/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2098,90 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4010/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1796,4 manat məbləğində borc və 37,97 manat dövlət rüsumu məbləğində pul alınıb tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1464/2023-004 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs tələbkar "xxxx" KB ASC-nin xeyrinə 1440 manat əsas, 138,6 manat faiz borcu, 6,3 manat cərimə borcu olmaqla, cəmi 1584,9 manat borc və həmçinin 36,26 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-in 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar