Məhkəmə qərarları › İş №3(060)-2131/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2131/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2131/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X1 qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-5113/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Eyni zamanda Şəxs 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin icra sənədini Şəxs üzrsüz səbəbdən icra etməmiş və hal-hazırda 6634 manat borcu vardır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-5113/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün ümumilikdə 280 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin o icra sənədini icra etmir. Bununla bağlı dəfələrlə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. 2021-ci ildə 8 gün, 2022-ci ildə 8 gün, 2023-cü ildə 10 gün həbs olunmuşdur. 2024-cü ildə isə 528.1-1-ci maddə ilə məhkəməyə gətirilmiş, tələbkarla barışdığı üçün icraata xitam verilmişdir. Buna baxmayaraq icra sənədi yenə icra olunmamış, borclunun 6634 manat aliment borcu yaranmışdır. Bugün yenə onun izahatı alınmış, işləmədiyi üçün aliment ödəyə bilmədiyini bildirmişdir. Bundan əlavə bildirir ki, şəxs Körpü MTK-da işə düzəlmiş, 2023-cü ilin noyabr ayında əmək haqqından 326 manat tutulma həyata keçirilmişdir. Bundan sonra şəxs dekabr ayında işdən çıxmışdır. İcra məmuru qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hazırda heç bir yerdə işləmir, ona görə də icra sənədini icra etmir. O, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Əgər onun alimenti ödəmək niyyəti olmasaydı, o, ümumiyyətlə ödəniş etməzdi. Belə ki, az da olsa ödənişlər etmişdir. Şəxs qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, şəxs iş tapa bilmədiyinə görə aliment borcunu ödəmir. Bu səbəbdən hesab edir ki, iş tapa bilməsi üçün ona vaxt verilməlidir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu aliment borcunu ödəmir. Bir neçə dəfə bununla bağlı həbs olunmuşdur. Sonuncu dəfə 2024-cü ildə məhkəməyə gətirilərkən bayram olduğu üçün ondan həbs olunmamasını xahiş etmiş və hər ay 300 manat ödəyəcəyini bildirmişdir. O da razılaşmışdır. Həmin vaxtdan keçən 5 ay ərzində 20, 150 və 100 manat olmaqla cuzi ödəniş etmişdir. Hazırda yenə yığılmış aliment borcunu ödəmir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri özünün izahatı, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, Şəxs hal-hazırda 6634 manat borcu var. Ona borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-cü il tarixli, 3(060)-1826/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)- 1778/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1698/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-580/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə isə xitam verilmişdir. Göründüyü kimi Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin mövcudluğundan xəbərdar olmasından və barəsində sonuncu dəfə inzibati tənbeh tədbiri tətbiq edilməsindən keçən təxminən 1 il ərzində borclu tərəfindən lazımi qaydada ödəniş edilməmiş, o cümlədən icra sənədini icra etməyə cəhd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, intizam tənbehi tətbiq olunmasına baxmayaraq şəxsin islah olunmadığını, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında sanksiyası həddində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İXM-nin 66-cı maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” AzərbaycanRespublikasıNazirlərKabinetinin2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın 4-cü hissəsinə əsasən bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.Həmin qərarın 5-ci hissəsinə əsasən həmin qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 3 (üç) saat vaxt sərf etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2024-cü il saat 17:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilinə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar