Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2132/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhəri, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binası Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 2002-ci ildə Zərdab, Şahsünlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb olunmayan, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20, 109B ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibatixəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 tərtib etdiyi 05 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digərmateriallardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(060)-1163/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 16 avqust 2022-ci il tarixli, 02012337 saylı müqavilə üzrə əsas borc qismində 654 (altı yüz əlli dörd) manat, 68 (altmış səkkiz) qəpik, cərimə borcu qismində 30 (otuz) manat, 01 dekabr 2022-ci il tarixli, 03453388 saylı müqavilə üzrə əsas borc qismində 291 (iki yüz doxsan bir) manat, 88 (səksən səkkiz) qəpik, cərimə borcu qismində 10 (on) manat olmaqla, cəmi 986 (doqquz yüz səksən altı) manat, 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1163/2024 saylı 14 fevral 2024-cü il tarixli icra sənədini borclu üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borcu 936 manat təşkil edir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1163/2024 saylı 14 fevral 2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə təsdiq edilir. İnzibati xəta haqqında protokoldan və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 məhkəməyə bildirdiklərindən görünür ki, icra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq icraatına başlanmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş borcluya şəxsən təqdim edilmişdir. Tələb könüllü icra müddətində təmin olunmadığından borclu barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanmış, tələblərin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Borcluya dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq o, qeyd olunan icra vərəqəsi üzrə borclu tərəfindən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış, ona Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyət barədə edilən xəbərdarlıqlara baxmayaraq qərarın icrası üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Əlavə olaraq qeyd etdi ki, icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və icraata başlanılmışdır. Bu sənəd də vətəndaşa göndərilmişdir. Müsbət nəticə əldə olunmadığından axtarış aparılmışdır. Şəxs faktiki olaraq işləmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, icra sənədini icra edir. İşləmir. İki ay "xxxx" MMC-yə 40 manat ödəniş etmişdir. Qızıl zəmanət ilə götürmüş, daha sonra mal qırılmışdır. Dəyişməyə aparmış, ona təzə telefon vermişlər. Onun da pulunu üzərinə əlavə etmişlər. Əlaqə saxladıqda isə demişdirlər ki, gücü çatdığı qədər ödəniş etsin. Özü xəstədir, müalicə alır. Evə də köməklik edir. Üç aydır ki, işləmir. Apreldə işləmişdir. Gündəlik maaş olmuşdur. Hər ay ödəniş edəcəkdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, proses iştirakçılarının izahatlarını nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan borclu Şəxs tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış izahatdan görünür ki, icra sənədi barədə məlumatlıdır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi maddi imkansızlıqdır. İcra sənədi üzrə bu günədək 80 manat ödəniş etmişdir. İcra sənədi üzrə tələbi ancaq aybaay ödəniş edərək icra edə bilər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1163/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 16 avqust 2022-ci il tarixli, 02012337 saylı müqavilə üzrə əsas borc qismində 654 (altı yüz əlli dörd) manat, 68 (altmış səkkiz) qəpik, cərimə borcu qismində 30 (otuz) manat, 01 dekabr 2022ci il tarixli, 03453388 saylı müqavilə üzrə əsas borc qismində 291 (iki yüz doxsan bir) manat, 88 (səksən səkkiz) qəpik, cərimə borcu qismində 10 (on) manat olmaqla, cəmi 986 (doqquz yüz səksən altı) manat, 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlak üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan 16 may 2024-cü il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, xx.xx.2022-ci ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 66655/14 nömrəli Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən X2 ünvanlanmış məlumatdan görünür ki, tələb olunan 370.40 manat qalıq borc məbləğinin Şəxs əmək haqqından hər ay 50% tutulub "xxxx" ASC-nin hesabına köçürülməsi üçün adı çəkilən icra sənədi icra olunması üçün göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onlarınicrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinədair qanuni tələblərini yerinə yetirmir. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlbedilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A AL D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №3(060)-2132/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2132/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver