Məhkəmə qərarları › İş №3(060)-2134/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2134/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2134/2023 27.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 06 sentyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə 1478 manat aliment borcu yaranmışdır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2134/2023 nömrəli qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 3(105)-469/2023 saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 3(060)-2134/2023 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün materialın Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-85/2023 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə hesab edir ki, tərəflərin barışdıqları dövrdə tələbkar tərəfindən alimentin dayandırılmasına dair ərizə verilib-verilməməsi, tərəflərin birgə yaşamağa başladığı dövrdə aliment borcunun olub-olmaması və məbləği, həmçinin hal-hazırkı vaxtədək qalan aliment borcunun məbləği rəsmi sənədlərlə dəqiq müəyyənləşməmişdir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi tələbkar Şəxs tərəfindən borc üzrə ödənilmiş ödəniş qəbzlərini icra məmuruna verdiyini, icra məmurunun isə həmin qəbzlərin onda olmadığını, tələbkarın ərizəsi üzrə hesablama apararaq protokol tərtib etdiyini və Şəxs də həmin aliment borcu ilə razılaşdığını bildirmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmadan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, borclu barəsində əvvəllər iki icra sənədi olmuşdur. Həmin icra sənədlərinə əsasən iki uşaq üçün ayrı-ayrılıqda aliment tutulmuşdur. Sonradan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Qubar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamələrinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 193 manat olmaqla, 386 manat müəyyən edilmişdir. Həmin qətnamə əsasın verilmiş icra sənədi üzrə borclu vaxtlı-vaxtında ödənişlərini etmiş, həmçinin hər ay 20-30 manat da artıq ödəniş etmişdir. Qalan borc onun əvvəlki qətnamələr üzrə olan borcudur ki, protokol tərtib edilərkən borc 1478 manat olsa da, hazırda azalaraq 1300 manat qalmışdır. İcra məmuru qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, ilk dəfə ondan aliment tutulması barədə qətnamə qəbul edilərkən onlar tələbkarla ayırlmamışdılar. Sonradan ayrılmış və yenidən birlikdə yaşamışlar. Aliment borcunun bir qismi birgə yaşadıqları dövrdə olan borcdur. Sonuncu icra sənədi üzrə 386 manat aliment onun tərəfindən hər ay vaxtlı-vaxtında ödənilir. Əvvəlki borcunu ödəmək üçün hər ay 20-30 manat da artıq ödəniş edir. Qalan borcunu da çalışıb yaxın vaxtlarda ödəyəcək. Alimenti ödəməkdən imtina etmir. O, müharibə iştirakçısıdır. Tələbkar pulu uşağın mülaicəsi üçün tələb edir. O, uşağın mülaicəsi üçün dövlət orqanlarına müraciət edə bilər. Bu səbəbdən o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, onlar borclu ilə birinci övladları olduqdan sonra ayrılmış, sonra ailənin təkidi ilə barışıb bir ay birlikdə yaşamışlar. İkinci uşağa hamilə olduqda yenidən ayrılmışlar və o, boşanma və aliment üçün müraciət etmişdir. Aliment birgə yaşadıqları dövrdə yaranmayıb. Sonuncu icra sənədi üzrə tutulan 386 manat aliment borclu tərəfindən vaxtlı-vaxtında ödənilir. Qalan 1300 manat borcun isə birdəfəlik ödənilməsini tələb edir. Belə ki, onun uşağı xəstədir və müalicə edilməlidir. Köhnə borcdan az da olsa, aliment ödənişini edir. Qeyd edilənlərə əsasən tələbkar Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Şəxs tərəfindən aliment borcu üzrə mütəmadi olaraq ödənişlər edildiyini bildirdi və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın məzmunundan görünür ki, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün borclu icra məmurunun qanuni tələblərinə üzrlü səbəb olmadan tabe olmamalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 10363/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 140 manat alimentin borcludan tələbkarın xeyrinə tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1379/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay 140 manat alimentin borcludan tələbkarın xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində müəyyən edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi icra sənədi üzrə borclu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəyir. Əvvəlki icra sənədləri üzrə borclunun protokolun tərtib edildiyi tarixə 1478 manat borcu olmuşdur ki, borclu həmin borcdan da hər ay müəyyən ödənişlər etmiş və hazırda 1300 manat borcu qalmışdır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi borclunun əməlində inziabti xətanın yaranmasına səbəb olan əsas tərkib elementi olan qəsd mövcud deyildir. Sadəcə borclu maddi imkansızlıq ucbatından əvvəldə yığılıb qalmış borcu birdəfəlik ödəmək imkanında deyildir. Buna baxmayaraq aylıq ödənişlərdən hər ay əlavə ödəniş edərək həmin borcun ödənilməsinə çalışır. Yəni borclunun əməlində inzibati xəta tərkibi mövcud deyildir. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir (8). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2). Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və İXM-in 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil2 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar