Məhkəmə qərarları › İş №3(060)-2136/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2136/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2136/2024 06.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis sahə rəisi polis leytenantı Qədim Bağırlının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer protokolda göstərilməlidir. Lakin xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda törədilməsi ehtimal olunan hadisənin 10 avqust 2024-cü il tarixdə qeyd edilmiş, inzibati xəta haqqında protokolun isə 06 avqust 2024-cü il tarixdə tərtib edildiyi göstərilmişdir. Göründüyü kimi hazırkı iş üzrə tərtib edilmiş protokolda anlaşılmazlıq vardır və bu anlaşılmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Lakin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan nöqsanlar olduğundan hesab edirəm ki, protokol və ona əlavə edilmiş digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə geri qaytarılsın. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-ə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar