Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2139/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs iştirakı ilə 02.05.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 22.06.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 16.06.2021-ci il tarixdə təxminən saat 05:00 radələrində Sumqayıt şəhəri, 9-ci mikrorayon, ev 57-nin həyətində olan “Xeyir-Şər” evindən oğurluq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, 16.06.2021-ci il tarixdə təxminən saat 05:00 radələrində Sumqayıt şəhəri, 9-ci mikrorayon, ev 57-nin qarşısında yerləşən “Xeyir-Şər” evinin qapısının kilidini sındırıb içəri daxil olmuş və mətbəxtdən aliminium qazanlar, taslar və padnuslar oğurlamışdır. Oğurladığı əşyaları 30 manata satmış və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən səmimi olaraq peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21.06.2021-ci il tarixdə saat 14:50-də tutulmuş, 22.06.2021-ci il tarixdə saat 14:00-da azad edilmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü material Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs 16.06.2021-ci il tarixdə təxminən saat 05:00 radələrində Sumqayıt şəhəri, 9-ci mikrorayon, ev 57-nin qarşısında yerləşən “Xeyir-Şər” evinin qapısının kilidini sındırıb içəri daxil olmuş və mətbəxtdən aliminium qazanlar, taslar və padnuslar oğurlamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4- 1-ci maddəsinə əsasən ona 160 (yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-2139/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2139/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver