Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-214/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından narazı qalan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, məhkəmənin həmin qərarının ləğv edilməsini, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-77/2024 saylı qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Sumqayıt şəhər Məhkəməsinin sözügedən qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(105)-77/2024 saylı qərarında qeyd etmişdir ki, tələbkar Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində aliment borcunun 1499 mаnаt deyil, 2.097,74 mаnаt təşkil еtdiyini bildirdiyi halda, məhkəmə tərəfindən qeyd olunan xüsusat tərəflərin iştirakı ilə araşdırılmamış, aliment borcunun məbləği dəqiqləşdirilməmiş, yalnız icra məmuru tələbkara ödənilən qeyri-rəsmi pulları da hesablayaraq aliment borcundan çıxıldığını bildirmiş, bunun nə ilə təsdiq edildiyi, həmin qeyri-rəsmi pulların aliment borcu kimi ödənilib-ödənilməməsi, ümumiyyətlə tələbkara qeyrirəsmi olaraq aliment borcundan ödənişlərin edilib-edilmədiyi aydınlaşdırılmamış və nəticədə mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmadan Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1098/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə yığılmış bütün aliment borcunu tələbkara ödəmiş, hal-hazırda tələbkara heç bir aliment borcu yoxdur. O, sonuncu dəfə 16 mart 2024-cü il tarixdə ödəniş etmişdir. Hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş icra məmuru Gülmalı Əzizov və icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 19 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu Şəxs tərəfindən 2000 manatdan çox olan aliment borcunun hissə-hissə olmaqla tam ödənildiyini, bu günə sonuncunun heç bir aliment borcunun qalmadığını qeyd etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 1098/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs qərarın könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar şəxsən təqdim edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 3(008)- 2615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda 200, 300, 400, 450 manat məbləğlərində ödənişlər edilmişdir. xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə icra sənədi üzrə ödəniş etməsi ilə bağlı Şəxs qeydiyyatda olduğu ünvana “xəbərdarlıq” məktubu göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" MMCdə agent, ekspeditor vəzifəsində işləməklə 450 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, icra sənədi üzrə tələbkarın ərizəsini, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə tərəfindən qərar qəbul edilənədək yığılmış aliment borcunu tamamilə ödəmişdir, bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tələbkarın 19 mart 2024-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin müvafiq icra sənədi üzrə borclu Şəxs işə Sumqayıt şəhər məhkəməsində baxılan ərəfədə 2000 manatdan çox olan aliment borcunu hissə-hissə olmaqla ona tam ödədəyini və bu günə onun aliment öhdəliyi üzrə daha borcunun qalmadığını bildirmişdir. Tələbkar tərəfindən verilmiş 19 mart 2023-cü il tarixli ərizədən görünür ki, borclunun ona bu günə heç bir aliment borcu yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.10-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.10-cu maddəsinə görə xitam verilsin. Vəkil2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-214/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-214/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver