Məhkəmə qərarları › İş №3(060)-2140/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2140/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2140/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Qubadlı rayonu, Tinli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qilican kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində səs-küy salaraq xırda xuliqanlıq əməli törətmiş, hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində 102 xidmətinə daxil olmuş məlumatda qeyd edilmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs öz evini yandırmış, onun sərxoş vəziyyətdə olması müəyyən edilmiş, lakin, o müayinədən keçməyi də rədd etmişdir. Hadisə yerində səs-küy salmışdır. Vətəndaşların 102 ZXM-nə məlumatı əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Polis əməkdaşları onu bölməyə dəvət etsələr də tabesizlik göstərərək getməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, o, evini ipoteka qoyub bankdan pul götürmüşdür, daha sonra devalvasiya olmuş və çətin vəziyyətdə qalmışdır. O, əlinə düşən qədər kredit borcundan ödəniş etmiş, lakin 2018-ci ildən sonra borcunu ödəyə bilməmişdir. O, əsəbi olduğundan evini yandırmış, daha sonra qonşuya evi yandırması barədə məlumat vermişdir. O, evi yandırdıqdan sonra evdə olmuş, heç kimə qarşı təhqiramiz ifadələr işlətməmişdir. Qonşular yanğınsöndürmə xidmətinə və polisə evin yanması barədə məlumat vermişlər. Polislər gəldikdən sonra ona dəfələrlə bölməyə getməyi lazım gəldiyini bildirsələr də, o, getməkdən imtina etmişdir. O, əməlindən peşman olduğunu bildirmiş və yüngül tənbeh tədbirinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Əliyev X1 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan ictimai qaydanı pozmamışdır. Bu səbəbdən də onun barəsində həmin maddə ilə inzibati icraata xitam verilməsini, 535.1-ci maddə ilə isə yaşını, əməlindən peşman olmasını nəzərə alıb yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmasa da, onun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şamo Mehdiyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, X2 DİN-nin 102 mərkəzinə müraciəti ilə əlaqədar əməliyyat qrupu ilə birlikdə 24 avqust 2025-ci il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında olmuşlar. Babək Əliyevin atası Şəxs qeyd edilən yaşayış evini yandırmağa cəhd etməsi və eləcə də sonuncunun hərəkətlərindən sərxoş vəziyətdə olması müəyyən edildiyindən Şəxs 1-ci PB-yə dəvət edilmişdir. Lakin, Şəxs heç bir səbəb olmadan səs-küy salaraq 1-ci PB-yə getməkdən, sərxoşluq hallarının müayinəsindən keçməkdən imtina edəcəyini bildirmişdir. Dəfələrlə Şəxs bu barədə izah edilsə də, sonuncu qanuni tələblərə tabe olmamış, təkidlə ipotekada olan və bank tərəfindən əlindən alındığını bildirdiyi hazırda yaşadığı evi yandıracağını bildirmişdir. Şəxs polislər tərəfindən bölməyə aparılan zaman özünü yerə yıxaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində səs-küy salaraq xırda xuliqanlıq əməli törətmiş, hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə, saat 15:00-da azad olunmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il A/1935 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu aşkar edilmişdir. İnzibati xəta haqqında işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs etdiyi hərəkətlərdə ictimai qaydanı pozmağa dair xətanın tərkib əlamətləri olmamışdır. O, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşları ilə bölməyə getməkdən imtina etmişdir. Bu hərəkətlər şəxsin etdiyi tabesizliyin tərkib elementi kimi çıxış etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs əməllərində yalnız Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi yaranmışdır. Ona görə də onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə həmçinin hesab edir ki, Ə.Əlövsətin Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli törədərkən sərxoş olmasını məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun yaşını, şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, iş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmçinin hesab edir ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar