Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2144/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əsgərov Vidadi Hüseyn oğlunun iştirakı ilə, Əsgərov Vidadi Hüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29831108 saylı qərarından Əsgərov Vidadi Hüseyn oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əsgərov Vidadi Hüseyn oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək EQ 29831108 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə etdiyi Khazar LX MİNİK markalı 50DR562 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. xx.xx.2025-ci il tarixində 15- 40 radələrində Sumqayıt şəhərində hərəkət edən zaman xoşa gəlməyən bir hadisə yaşanmışdır. Qanuni dayanacağa girmək istəyən zaman görmüşdür ki, həmin dayanacaqdan başqa bir maşın çıxır. Ona yol vermək məqsədi ilə o, surəti faktiki “0” endirmişdir. Məhz bu zaman DYP tərəfindən EQ 29831108 saylı protokolun tərtib olunması və 80 manat cərimə olunması haqqında məlumat daxil olmuşdur. Bununla qəti razı deyil, ona görə ki, maşının saxlama məqsədi dayanma və ya durma deyildir. Məqsəd başqa maşına yol vermək olmuşdur. Barəsində AR İXM-nin 346.4 maddəsinə əsasən EQ 29831108 saylı protokol və 80 manat cərimə olunması barədə qərar tamamilə qanusuzdur. O, bir daha qeyd edir ki, göstərilən tarixdə və saatda dayanma və durma məqsədi ilə saxlamamışdır. Yalnız başqa maşına yol vermək məqsədilə etmişdir. Bunların hamısı küçədə qurulmuş video kameralarda öz əksin tapmışdır. Beləliklə müəyyən olunur ki, onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir, lakin DYP əsassız olaraq barəsində cərimə olnmasına dair protokol və qərar qəbul etmişlər. Bu qərarı tamamilə əsassız hesab edir. EQ 29831108 protokola əsasən AR İXM-nin 346.4 maddəsi ilə təqsirli bilinib 80 manat cərimə və 2 bal qiymətləndirmə qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Əsgərov Vidadi Hüseyn oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Lenin küçəsindən Bazar adlanan ünvana tərəf hərəkət etdiyi zaman parklanmadan çıxan avtomobil olduğunu görüb, 1-1,5 dəqiqə gözləmişdir. Həmçinin həmin ünvanda gözləməyinin səbəbi bir tanışını oradan götürmək olmuşdur. Hesab edir ki, qayda pozmamışdır. Qərarla razılaşmır. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29831108 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əsgərov Vidadi Hüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 346.4-cü maddəsinə əsasən “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun: - 11-ci maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. - 43-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq qadağandır. - 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. - 52-ci maddəsinin Vİ hissəsinin 1 və 2-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə və yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində dayanma qadağandır. İş materiallarında olan fotoşəkildən görünür ki, “Khazar LX minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil Nərimanov küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış, bununla da Əsgərov Vidadi Hüseyn oğlu dayanma durma qaydasını pozaraq qadağan olunan yerdə avtomobilini saxlamış və yol hərəkəti qaydaları pozulmuşdur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Əsgərov Vidadi Hüseyn oğlu hazırda barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə həmin protokolun düzgünlüyü qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, Əsgərov Vidadi Hüseyn oğlunun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29831108 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əsgərov Vidadi Hüseyn oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əsgərov Vidadi Hüseyn oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29831108 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əsgərov Vidadi Hüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Əsgərov Vidadi Hüseyn oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29831108 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2144/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2144/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver