Məhkəmə qərarları › İş №3(060)-2146/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2146/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2146/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin X X11 Xidməti inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İdarəsinin X X11 Xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə X8 Salyan postunda YPX inspektoru Elnur Babayev tərəfindən barəsində ona məxsus **-LS- *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ SPRİNTER MARKALİ” mikroavtobusu idarə edən zaman İnzibati Xətalar Məcəlləsinin 322.0.1-ci maddəsi ilə TP7453671 nömrəli qərarla 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun deyildir. Bu səbəbdən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o VÖEN əsasında sifarişlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Hər ay mütəmadi olaraq vergilərini və sosial ödənişlərini vaxtında dövlətə ödədiyir. İnzibati Xətalar Məcəlləsinin 322.0.1-ci maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və ya hərəkət sxeminə riayət olunmamasına, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına görə əlli manat məbləğində cərimə edildiyini göstərilmişdir. O, müntəzəm daşıma ilə məşğul deyildir. Sifariş əsasında qeyrimüntəzəm şəkildə şəhərlərarası sərnişin daşıma həyata keçirir. Bu fəaliyyətinə görə lazım olan sənədlər müvafiq qurumlardan əldə etmiş və fəaliyyətinə heç bir maneə yoxdur. Lakin, iki dəfədir ki, Salyan postu adlanan YPX postunda eyni inspektor (Elnur Babayev) tərəfindən cərimə edilir. Bunun birbaşa onun sahibkarlıq fəaliyyətinə maneə törətməkdir. Belə ki, adıçəkilən inspektor İnzibati Xətalar Məcəlləsinin onun fəaliyyətinə adi olmayan maddəsi ilə barəsində tənbeh tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin mahiyyətinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, şəxsi maşını ilə sifariş götürən zaman onu Salyan postunda saxlamışlar. Ona hansı səbəbdən saxlanıldığı bildirilməmiş və sənədlərini istəmişlər. O, qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu üçün həmin sənədləri təqdim etmişdir. Onun barəsində cədvələ riayət olunmadığı üçün cərimə edilməsi barədə qərar qəbul edilmişdir. O, qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğunu, müntəzəm sərnişin daşıyan avtomobillərin qaraja daxil olmasına və cədvəl üzrə hərəkətinə icazə olduğunu, onun cədvələ riayət etmək vəzifəsinin olmadığını bildirmiş və barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin X X11 Xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 «MERCEDES BENZ SPRİNTER 906 KA 35 MİKROAVTOBUS» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.2025-ci il tarixdə saat 08:31-də Azərbaycan Respublikası İXM-nin 322.0.1-ci maddəsinin tələblərini pozduğu üçün 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, SDV 12841 nömrəli avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış vərəqəsindən görünür ki, X4 7 il müddətinə xx.xx.2031-ci il tarixinədək avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalar üzrə qeyri-müntəzəm sərnişin daşımaları həyata keçirməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış kartından görünür ki, X1 və nömrəsi SDV12841 olan buraxılış vəsiqəsinə əsasən «MERCEDES BENZ SPRİNTER 906 KA 35 MİKROAVTOBUS» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkədaxili sərnişin daşınmasına icazə verilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin X X11 Xidməti inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 322.0.1-ci maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və ya hərəkət sxeminə riayət olunmamasına, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən normanın tələbindən görünür ki, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və ya hərəkət sxeminə riayət olunmamasına, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına görə əlli manat məbləğində cərimə edilir. Lakin şəxsin təqdim etdiyi buraxılış vərəqəsindən göründüyü kimi o, ölkədaxili qeyrimüntəzəm sərnişin daşımaları üzrə ona verilmiş icazə əsasında fəaliyyət göstərir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş «MERCEDES BENZ SPRİNTER 906 KA 35 MİKROAVTOBUS» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkədaxili sifarişli daşımalar üzrə qeyri-müntəzəm sərnişin daşımaları həyata keçirməsinə dair icazə əsasında fəaliyyət göstərdiyi halda, ona İXMnin 322.0.1-ci maddəsi ilə cərimə edilməsi barədə qərar qanunsuz hesab edilməlidir. Bundan başqa, məhkəmə tərəfindən DİN BDYPİ-yə X7 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə sorğu verilməsinə, qərar qəbul etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və qeyd edilən icraatla bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin X X11 Xidməti inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X3 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli TP7453671 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar