Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-215/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Füzuli ray., Veysəlli kəndində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 26-cı məhəllə, Energetika sanatoriyasında fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun- Paralelni küçələrinin kəsişməsində polisin qanuni işinə müdaxilə etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Bayramov ElvinTeymur məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək Şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni işinə müdaxilə etdiyi üçün İXM-nin 510-cu maddəsi ilə protokol tərtib etdiyini, bu səbədən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Elvin Bayramov protokolda İXM-nin 510-cu yəni xırda xuliqanlıq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsinə baxmayaraq protokolun müəyyən etdim hissəsində şəxsin polisin qanuni işinə müdaxilə etdiyini yazması maddənin dispozisiyası ilə bağlı etmiş olduğu yanlışlıqla izah etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 22 yanvar 2024-cü il tarixdə gecə saatlarında işdə olan zaman yaxınlıqda dostunun içkili halda polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmiş və hadisə yerinə yaxınlaşmış, oraya çatanda dostunun polis əməkdaşları tərəfindən saxlanıldığını görmüş və bu səbədən polis əməkdaşlarına dostunun kasıb adam olduğunu, bir səhv etdiyini söyləyərək dostunun bağışlanaraq buraxılmasını xahiş etmişdir. Lakin polis əməkdaşları bunun mümkün olmadığını bildirmişdir. O, həmin vaxt az miqdarda spirtli içki qəbul etmişdir. O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, səs-küy salmamış, ictimai qaydanı pozmamışdır. Onu polis bölməsinə dəvət edən əməkdaşlarla birlikdə bölməyə getmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin Post-patrul xidməti taborunun polis nəfəri, polis serjantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 02:00 radələrində 91-07 çağırışlı avtopatrulda postaçı yoldaşları polis serjantları Nizami Qarayev və Cavidan Babayev ilə birlikdə xidmətdə olan zaman 91-27 çağırışlı tağım komandiri polis leytenantı Ramin Quliyevin göstərişi ilə Səməd Vurğun-Paralelni küçələrinin kəsişməsinə yaxınlaşmışlar. Bu zaman 91-40 çağırışlı avtopatrulun 1 nəfər vətəndaşın içkili vəziyətdə nəqliyyat vasitəsini idarə etməsi səbəbindən yol polis əməkdaşlarına təhvil vermək üçün gözlədiklərini müşahidə etmiş, bundan sonra kənardan gələn digər şəxs saxlanılan şəxsin dostu olduğunu, polis əməkdaşlarına dostunun buraxılması üçün xahiş etmişdir. Həmin şəxs polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, səs-küy salmamış, söyüş söyməmişdir. Hər hansı ictimai qaydanın pozuntusu halı olmamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin Post-patrul xidməti taborunun polis nəfəri, polis serjantı X3 şahid X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materillarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nin Post-patrul xidməti taborunun polis nəfəri, polis serjantı X4 həmin tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-ə müraciət etmişdir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 22 yanvar 2024-cü il tarixdə, saat 03:00-da tutulmuş, 22 yanvar 2024-cü il tarixdə saat 11:00 dəqiqədə azad edilmişdir. xx.xx.2024-cü il tarixli, A/147 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:00-da müayinə olunmuş, müayinə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi, şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş sonuncunun törətməsi istinad olunan inzibati xətanın əks olunduğu protokol və sənədlərə qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəəlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Sahə inspektoru raportda qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmadan, şəxsin təqsirli olması barədə sübutlar toplamadan, yəni hansı ictimai qaydanı pozmasını müəyyən etmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Post-patrul xidməti taborunun polis nəfərləri Şəxs tərəfindən ictimai qaydanı pozan hər hansı hərəkətin edilmədiyini, səs-küy salınmadığını o cümlədən polisin qanuni fəaliyyətinə müdaxilə edən hər hansı hərəkətə yol verilmədiyini bildimişlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda qeyd etməmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, sahə inspektoru göstərilərindən başqa inzibati xəta haqqında protokolda şəxsin məhz hansı inzibati xətanı törətdiyini dəqiq təsvir etməmiş, protokolda Şəxs polis əməkdaşının qanuni fəaliyyətinə müdaxilə etdiyini göstərsə də, sonuncunun İXM-nin 510, yəni xırda xuliqanlıq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmiş, bununla da şəxsin təqsirliliyi ilə bağlı şübhələrin yaranmasına zəmin yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-215/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-215/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver