Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2152/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Süleymanov Ramil Bahadin oğlunun iştirakı ilə, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, 16/1-S-139058 saylı qərardan X2 Bahadin oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Bahadin oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-S-139058 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Süleymanov Ramil Bahadin oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə barəsində 16/1-S-139058 saylı elektron qərar tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə protokol barədə sistemə qərar vurulduğu bildirişi gəlmiş, cərimə isə 40 manat yazılmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş elektron qərar qanunsuzdur və əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Abşeron rayonu, Masazır qəsəbəsi və Xırdalan şəhərinin birləşdiyi dairənin üzərindəki körpünü keçdikdən sonra yol sıxlıq olması səbəbindən sağ tərəfdən avtomaşınların hərəkətini qadağan etməyən və parkinq olaraq eyni zamanda istifadə edilən asfalt yola çıxmış və hərəkətini davam etdirmişdir. Yolda olan zaman sürət rejiminə riayət etmiş və yolun sonunda sola çıxmaqla yenidən əsas yolda hərəkətini davam etdirmiş. Hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir. Həmin gün günorta saatlarında yenidən Bakı istiqamətində getdiyi zaman telefonu ilə xüsusi tutacaq vasitəsilə həmin yerin videosunu özü çəkmiş və məhkəməyə təqdim edəcəkdir. Hesab edir ki, elektron qərar qanuna uyğun şəkildə qəbul edilməmişdir və hər hansı bir inzibati xəta onun tərəfindən törədilmədiyi üçün ləğv edilməlidir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1309/2025 saylı qərarına əsasən (sədrlik edən hakim: Vüsalə Qasımova) barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı qərar ləğv edilmiş və iş yenidən araşdırılmaqla qərar qəbul edilməsi üçün inzibati orqana geri qaytarılmışdır. Lakin inzibati orqan onun iştirakı ilə hər hansı bir araşdırma aparmamışdır. xx.xx.2025-ci il tarixdə ona xx.xx.2025-ci il tarixli 3-xxxx/8732/25 saylı müşayət məktubu ilə inzibati xəta haqqında iş üzrə 16/1-S-139058 saylı qərar göndərilmişdir. Verilmiş qərara əsasən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Yuxanda göstərilənləri əsas tutaraq barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-S-139058 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Süleymanov Ramil Bahadin oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, 16/1-S-139058 saylı qərara əsasən Süleymanov Ramil Bahadin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir.” - 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. - 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. “Yol hərəkəti haqqında” Qanununun 83-cü maddəsinin 2-ci bəndinə əsasən Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi Süleymanov Ramil Bahadin oğlu inzibati xəta törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da Süleymanov Ramil Bahadin oğlu tərəfindən hansı inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (060)- 1309/2025 saylı qərarı ilə Süleymanov Ramil Bahadin oğlunun şikayəti qismən təmin edilmiş, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi qərarda qeyd olunan xüsusatlara qiymət verməyərək, heç bir araşdırma aparmayaraq formal əsaslarla təkrarən eyni məzmunlu qərar vermiş, heç bir mötəbər sübut ilə qərarını əsaslandırmamışdır. Bundan əlavə Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və sübutlar təqdim edilməsi üçün Baş X5 İdarəsinə sorğu göndərsə də, Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və həmçinin məhkəmənin sorğusuna cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Süleymanov Ramil Bahadin oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, sonuncunun barəsində qəbul edilmiş qərar əsaslandırılmadığından, barəsində protokol tərtib etmiş şəxs təqsirsizliyini sübut etməyə borclu olmadığından, bütün qeyd olunan hallar və şübhələr onun xeyrinə həll olunaraq, sonuncunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-S- 139058 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və və Süleymanov Ramil Bahadin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Süleymanov Ramil Bahadin oğlunun şikayəti təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, 16/1-S-139058 saylı qərar ləğv edilsin və Süleymanov Ramil Bahadin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2152/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2152/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver