Məhkəmə qərarları › İş №3(060)-2155/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2155/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2155/2023 11.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Laçın rayonu, Alxaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonu, Alxaslı Ərazi Dairəsi, Alxaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” şadlıq sarayının qarşısında vət.Alxasov X2 Könül Şakir qızını döyərək bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, Sumqayıt şəhəri 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyatı üzrə göndərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” şadlıq sarayının qarşısında vət.Alxasov X2 Könül Şakir qızını döyərək bədən xəsarəti yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs vurmamışdır. Belə ki, qeyd olunan tarixdə o, taksi kimi fəaliyyət göstərən zaman Zərərçəkmiş şəxs müştəri kimi götürmüş, xəritədə göstərilən ünvana gedən zaman yolda Könül ona “ora dön-bura dön” deyə yol göstərmiş, o da taksi şirkətindən hansı ünvan ona göstərilibsə həmin ünvana xəritə ilə getdiyini bildirmişdir. Xanım avtomobil gedə-gedə özünü avtomobildən atmaq istəmişdir. Yolun ortasında olduğu üçün xanım deyən kimi avtomobili saxlaya bilməmiş, bir az gedib yolun kənarında saxlamışdır. Xanım avtomobildən düşmək istəyərkən düymə basılmış və qapı bağlanmışdır. O, düşüb qapını çöldən açmaq istəyərkən xanım onun üzərinə hücum çəkmiş, o da özünü müdafiə etmək üçün xanımı itələmiş və xanım maşının arxa oturacağının üzərinə yıxılmışdır. O, xanıma nəyə görə qapını çırpdığına irad bildirmiş, nalayiq ifadələr işlətməmiş, bir böyük kimi heyvan balası demişdir. Xanım iki nəfər şəxs çağırmış, onlar da onu vurmuşlar. Onun da üzündə cırmaq izləri və xəsarət olmuşdur. Həmin vaxt o da DİN-nin 102 xidmətinə şikayət etmişdir. Yaşlı anası vardır. 6 ailə üzvü vardır. Məhkəmədən nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hərbi hissədə psixoloq işləyir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda atasının yaşadığı ünvandan öz evinə getmək üçün taksi sifariş vermiş, binanın iki girişi olduğu üçün telefondan hansı girişdən gəldiyini soruşmuş, artıq həmin zaman sürücü ona kobud cavab vermiş, lakin bu ona bir o qədər əhəmiyyət verməmişdir. Sonra taksiyə əyləşdikdən yolun daha qısa olan yerdən getməsinə məsləhət vermiş, amma taksi sürücüsü adekvat olmadığı mənə Sumqayıt şəhərini öyrədirsən deməsindən sonra susmuş, bir qədər yol getdikdən sonra heç bir səbəb olmadan onu təhqir etməyə başlamışdır. O, sürücüyə avtomobili saxlamasını və düşmək istədiyini bildirsə də sürücü avtomobili qapısını kilidləyərək onun avtomobildən düşməyinə mane olmuş və onu təhqir etməyə davam etmişdir. Onun təhqirlərinə cavab qaytardıqda isə sürücü düşüb gələrək arxa qapını açıb onu döyməyə başlamışdır. Daha sonra ətrafda olan bir neçə şəxs yaxınlaşaraq həmin şəxsi ondan ayırmışlar. O, özünü müdafiə etməyə çalışsa da qollarına, üzünə, ayaqlarına xəsarət izləri düşmüşdür. Ətrafda olan insanlar onu aparandan sonra o, polis bölməsinə hadisə barəsində xəbər vermişdir. Həmin şəxsi bağışlamaq fikri yoxdur. Məhkəmədən Şəxs barəsində qanun çərçivəsində ağır cəza təyin edilməsini xahiş edir. İnzibati işin materiallarından görünür ki, Sumqayıt şəhəri 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyatı üzrə göndərilmişdir. İnzibati işin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 437 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “alnın, sağ yanağın, alt çənənin solda sıyrıqları, sağ əlin, sol baldırın, sağ\ baldırın qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İnzibati işin materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 2048/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təksi fəaliyyəti ilə məğul olan şəxsin müştərilərlə daha təmkinli davranmaq əvəzinə inzibati xətanı törətmiş şəxs hazırki hadisənin törənməsinə şərait yaratmış və öz əməli ilə zərərçəkmiş şəxsə sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar