Məhkəmə qərarları › İş №3(060)-2155/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2155/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2155/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Cəbrayıl rayonu, 2-ci Yarəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrə 500 manat inzibati cərimə ödənilməlidir. Qərarın qüvvəyə mindiyi gündən 25 gün qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, bununla da, o, İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt izahat, bildiriş və sair sənədlər ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, borcu ödəməyəcəkdir. Protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üç işi vardır. Əsas işi X6 işinə aid olandır. Ona görə də 528.1-ci maddə ilə protokol tərtib olunaraq 500 manat cərimə olunmuşdur. Qərar qüvvəyə mindikdən sonra yenidən onun icraatına daxil olmuş, xanımı idarəyə dəvət etmiş, bildirişə şəxs imza çəkmiş və məlumatı olmuşdur. Cəriməni ödəməyəcəyi təqdirdə barəsində görüləcək tədbirlər barədə məlumatlandırılmış, bu gün də dəvət etmişlər. Yenə də ödəniş etmir. Bildirir ki, imkanı yoxdur və ödəniş edə bilmir. Ona bildirmişdir ki, apellyasiya şikayəti verəcəyi təqdirdə ona təqdim etsin ki, o da icraatı dayandırsın. Apellyasiya şikayətini də qəbul etməmiş, ona görə ki, apellyasiyanın qəbul etdiyi barədə sübut yoxdur. Əmlakı yoxdur, özü də işləmir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir. Xanımdan faizə pul götürmüşdür. Üç il faizi ödəmişdir. Afət xanımın onu məhkəməyə verdiyini yaxın müddətdə bilmişdir. İşləmək qüvvəsi olmadığı üçün işləmir. Bir anası xəstədir və bir də özüdür. Apellyasiya şikayəti alınmayacağı təqdirdə 500 manatı az-az ödəyə biləcəyini bildirdi. Onun aylıq gəliri 60 manat olduğu üçün, hər ay 40 manat ödəniş edə bilər. 500 manatı birdəfəlik ödəmək imkanı yoxdur. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış izahatdan görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi icra etməməyinin səbəbi imkansızlıqdır. İcra sənədi üzrə ödəniş etməmişdir. İcra sənədi üzrə tələbi icra etmək imkanı yoxdur. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri də yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi, qərarın icrasının Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmək müəyyən edilmiş, tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X7 tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Cəbrayıl rayon Məhkəməsinin 2(072)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 2800 manat məbləğində pul və 46 manat məbləğində dövlət rüsumu tutularaq X6 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindəm Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayətindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 612/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət də təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-69/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs şikayətin təmin olunmuş, Sumqayıt Şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən HK-1/2023 saylı material üzrə qəbul etdiyi "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qəbul edilmiş qərar qanunsuz hesab edilmiş və həmin qərar ləğv edilmiş, qərarın surəti material üzrə yenidən araşdırma aparılmasının təmin edilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, məhkəmə belə qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı üzrə inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin həkərlərini davam etdirmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarında vurğulanan hüquqi mövqeyə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İXM-nin 12.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında vurğulanır ki, “...İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur...”. İstinad edilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, “...cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Bununla da, şəxsi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığından, onun barəsində əvvəlki (cərimə növündə) inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinin tələbinə uyğun olaraq, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Belə olan halda inzibati cərimə tənbeh tədbirini icra etməməyə davam edən şəxs barəsində icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsilə protokolun təkrarən tərtib edilib məhkəməyə göndərilməsinin mümkünlüyü barədə Konstitusiya Məhkəməsi Plenumunun qənaəti ondan ibarətdir ki, inzibati cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəməyərək müvafiq inzibati xətanı törətmiş şəxs barəsində artıq bir dəfə protokol tərtib olunaraq məhkəməyə göndərilsə də, protokolun tərtib olunması müddətlərinə əməl edilməməsi səbəbindən inzibati məsuliyyətə cəlb etmə müddətlərinin ötürülməsi əsası ilə iş üzrə icraata xitam verildiyindən, şəxs həmin xətaya görə yenidən inzibati məsuliyyətə cəlb oluna bilməz...”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 529.2-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin həmin icra sənədinə əsasən Şəxs 500 manat cərimə borcu vardır, həmin borcu ötən müddət ərzində ödəməmiş, bu səbəbdən icra məmuru cərimənin üzrsüz səbəbdən ödənilməməsi qənaətinə gəlmiş və İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-69/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-612/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin əsasını təşkil edən Sumqayıt Şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən HK-1/2023 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarı ləğv edilmiş və bundan əvvəl isə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qəbul edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 500 manat cərimə edilmiş və buna görə də icra məmuru tərəfindən İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs da sözügedən qətnamədən prosessual müddətin bərpası barədə vəsatət ilə bərabər apellyasiya şikayəti ilə aidiyyəti yurisdiksiyaya müraciət etmişdir. Göründüyü kimi icra sənədinin qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi kimi hallar müəyyən edilmir. Belə ki, şəxs bütün hüquqi müdafiə imkanlarından istifadə etmək hüququnu itirməmiş və icra məmuru tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən edilməsi mümkün olan hallar müəyyən edilməmişdir. “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri müəyyən edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar