Məhkəmə qərarları › İş №3(060)-2158/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2158/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2158/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Yarışev Teyyub Əyyub oğlunun, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Yarışev Teyyub Əyyub oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 25 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 25 iyun 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Yarışev Teyyub Əyyub oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Teyyub Yarışev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında MN ******* saylı, 25 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Teyyub Yarışev şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri İnzibati Xəta haqqında MN № ******* nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyildir. Protokolda göstərilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən "Röya" restoranından atmosferə atılan zərərli qarışıqların tutulması üçün təmizləyici qurğu quraşdırılmamış, atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, MN №1784808 nömrəli qərara əsasən "Röya" restoranın vəzifəli şəxsi kimi o, İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, yalnız bir nəfərin tərtib etdiyi protokola əsaslanılmışdır. Hal-hazırki dövrdə şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Protokol onun tərəfindən imzalanmamış və bu barədə idarənin əməkdaşları tərəfindən akt tərtib edilməmişdir. Qeyd edir ki, qəbul edilən qərarla razılaşmır ki, belə ki, ona məxsus qastranomla eyni həyətdə Şadlıq sarayı da yerləşir. Həmin şadlıq sarayı ona məxsus deyildir. Bu səbəbdən 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən "Röya" restoranına qarşı tərtib edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN №1784808 nömrəli qərarın ləğv edərək, hesablanmış cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Yarışev Teyyub Əyyub oğlu şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, “Röya” şadlıq evi onun həyat yoldaşına məxsus olmuş, sonradan isə şadlıq evi bağışlama müqaviləsinə əsasən həyat yoldaşı tərəfindən oğlu Azər Yarışev bağışlanmış və oğlunun mülkiyyətinə verilmişdir. Şadlıq evinin ərazisi iki yerə bölünür, şadlıq evi olan hissə oğlunun, dükan olan hissə isə onun mülkiyyətindədir. Oğlunun adına olan hissəni, yəni “Röya” şadlıq evini oğlu Anar adlı şəxsə icarəyə vermişdir. Onun adına olan hissəni icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə vermişdir. Onun VÖEN üzrə fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. "xxxx" MMC ilə icarə müqaviləsi bağlamağa görə VÖEN-i aktiv vəziyyətə gətirmiş, daha sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2074-cü il tarixədək dayandırılmışdır. Özü İİ qrup Çernobıl əlilidir. xx.xx.2024-cü il tarixdə 4 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Röya” şadlıq evinin həyətinə gələrək qonşuların şikayətinin olmasını bildirmiş və baxış keçirən zaman şadlıq evinin üzərində təmizləyici qurğunun olmadığını bildirərək akt tərtib edilmişdir. Ona həmin akta imza etmək təklif edilmiş, lakin nəticədə cərimə olunacağını bilmədən imza etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə həmin İdarənin əməkdaşları onu dəvət edərək barəsində protokol tərtib olunduğunu və protokola imza etməyi bildirən zaman o, protokola imza etməkdən imtina etmişdir. “Röya” şadlıq evi oğlu X2 mülkiyyətində olmasına baxmayaraq inzibati xəta haqqında protokol onun barəsində tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək 2500 manat cərimə edilmişdir. “Röya” şadlıq evinin ətrafında yaşayış yoxdur. Hal-hazırda şadlıq evinin tüstü bacasına təmizləyici qurğu quraşdırılmışdır. Odur ki qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən 4 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Taleh Əzizov izahatında bildirdi ki, “Röya” restoranında inzibati araşdırmanın başlıca səbəbi Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinə və Baş Prokurorluğa çoxsaylı vətəndaş müraciəti olmuşdur. xx.xx.2024-cü il tarixdə monitorinq ölçmə işləri aparılmış və “Röya” restoranında təmizləyici qurğunun olmadığı və atmosferə atılan zərərli maddələrin norma həddindən artıq olduğu müəyyən edilmişdir. Teyyub adlı şəxsin izahatı alınmış, qonşuların şikayətçi olduğu, “Röya” restoranının ona məxsus olduğunu bildirmiş və restorana tezliklə təmizləyici qurğu quraşdıracağına söz vermişdir. Şikayətçinin də izahatı alınmış və o da restorana təmizləyici qurğunun quraşdırılmasını tələb etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuş və Teyyub Yarışev barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Teyyub Yarışev restoranın ətrafında yaşayış olmadığını bildirməsi ilə əlaqədar bildirir ki, ətrafda yaşayış olubolmamasından və ya şikayət olub-olmamasından asılı olmayaraq ictimai iaşə obyektləri, restoranlarla bağlı reydlər mütəmadi olaraq aparılır. Dislokasiyada 88 iaşə obyekti vardır və onlardan 80-ə yaxın obyektdə reyd keçirilmiş və təmizləyici qurğu olmayan bütün iaşə obyektləri inzibati məsuliyyətə cəlb edilmişlər. İnzibati araşdırma zamanı Teyyub adlı şəxs “Röya” restoranının ona məxsus olmadığını, oğluna məxsus olmasını bildirməmiş və heç bir sənənd təqdim etməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Teyyub Yarışev İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Röya” restoranında atmosferə atılan zərərli qarışıqların təmizlənməsi üçün qurğu quraşdırılmamış, xx.xx.2024-cü il tarixdə aparılan ölçmə zamanı restoranın tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı qanunvericiliklə müəyyən olunmuş miqdardan artıq olmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinə və Baş Prokurorluğa vətəndaşlar tərəfindən ünvanlanmış ərizədən görünür ki, Corat qəsəbəsində yerləşən “Röya” restorana məxsus heç bir təmizləyici qurğusu olmayan 02 ədəd böyük ölçüdə tüstü bacalarından çıxan tüstünün həyətlərinə və evlərinə dolmasını bildirmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş ******* nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X1 mülkiyyətindədir. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, hədiyyə verən Yeganə Yarışevya məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi “hədiyyə alan” oğlu Azər Yarışevin mülkiyyətinə vermişdir. **********25 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi Teyyub Yarışevin mülkiyyətindədir. 2904/TE nömrəli, xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Teyyub Yarışev Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən kommersiya obyektinin quraşdırılması, istirahət və abadlıq işləri aparmaq üçün 300 kv.m. torpaq sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi bildirir ki, Teyyub Yarışevin xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi bildirir ki, Teyyub Yarışevin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2074-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. 001263 nömrəli, xx.xx.2000-ci il tarixli vəsiqənin surətindən görünür ki, Teyyub Yarışev müharibə veteranıdır. 3225 nömrəli, xx.xx.2006-cı il tarixli vəsiqənin surətindən görünür ki, Teyyub Yarışev İİ qrup Çernobıl əlilidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin idarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Teyyub Yarışevun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar ətraflı araşdırılmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati araşdırma səthi aparılmış, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Röya” restoranının əslində kimin mülkiyyətində və ya kimin istifadəsində (icarə müqaviləsi əsasında) olduğu müəyyən edilməmişdir. Belə ki, həmin restoranın Azər Yarışevin mülkiyyətində olmasına və barəsində protokol tərtib edilmiş şəxsin həmin restoranda heç bir fəaliyyətinin olmamasına baxmayaraq, inzibati orqan yanlış nəticəyə gələrək Yarışev Teyyub Əyyub oğlunu inzibati qaydada məsuliyyətə cəlb etmişdir. Məhkəmə iclasında Teyyub Yarışevin həmin restorana mülkiyyət və icarə hüququ baxımından heç bir aiddiyatının olmadığı müəyyən edilmişdir. İXM-nin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardır. Həmin məcəllənin 135.1.1-ci maddəsində inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması təsbit edilmişdir. 4 X4 və Təbii Sərvətlər İdarəsi yekun nəticəyə gələrkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış və xx.xx.2023-cü il tarixli, MN ******* saylı hazırda mübahisləndirilən qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan halları və qeyd edilən normaların tələbi baxımından çıxış edərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, İXMnin 134.1.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün 4 X4 və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün 4 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar