Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2163/2024 23.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X1 Qərardan şikayət verən şəxs Hüseynova Sevil Ağakişi qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından Hüseynova Sevil Ağakişi qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynova Sevil Ağakişi qızı şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yol ərazisində üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozması əsası ilə ona 80 manat cərimə gəlmişdir. Həmin ərazidə yolun geniş miqyaslı təmir işləri gedir, bu gün gedilən yolu sabah gedə bilmirlər. Yol hərəkət istiqaməti dəyişdirilir, X5 əl ilə götürüb gah bir, gah da digər tərəfə qoyurdular, ya da qırmızı plasmasları əl ilə götürüb gah bir gah da digər tərəfə düzürdülər, gah yarıdan yol açır, gah qapadırdılar. Qırmızı plasmaslar bərkidilmədiyinə görə maşınların altına dığırlanıb qəza vəziyyəti yaradır. O, Saray Qəsəbəsinin içərisinə girmək üçün sola dönüş etməlidir (hansı ki, X4, üfıqi nişanlanma xətlərinə əsasən dünən oradan dönürmüşlər, X3 çoxu həmin hissəyə girişdə bütün yola səpələmişdir, yerdə üfüqi xətlər də çox idi, bu da sürücüləri çaşdırırdı). O, sola dönərkən yerdə üfiqi nişanlanma xəttinə əsasən dönüş etmişdir. Həmin yolun başında da 5.6 nişanı qoyulmuşdur (şəkil əlavə edilib). Qabaqda gedən “Prius” markalı avtomobil dönüş etmiş, o da onun arxasınca dönmüş, digər avtomobillər də dönmüşdür. Həmin gün orada vəziyyət bir mənalı çox qarışıq olmuş, X5 da dəqiqləşdirilməmişdir. Bütün bunlara da səbəb məlum təmir işləri idi. Bütün bunlar sürücülərdən aslı olmayan səbəblərdən, təmirlə əlaqədar yaranan vəziyyətdir. O, səhəri gün ərazidən şəkillər və video görüntü çəkmişdir. xx.xx.2024-cü il tarixində saat 14:34-da bu barədə 902 xidmətinə də məlumat vermis, onlar da “Siz DİNnin eletron səhifəsindən elektron müraciət edin, narahat olmayın, məsələyə baxılıb həll olunacaq söyləmişlər”. Onun Baş Dövlət Yol Polisi İdarəsinə müraciəti Abşeron rayon Polis İdarəsinin rəisi Musa Müsayevə göndərilmiş, Nəsib Əsədovun icraatına verilmişdir. O, xx.xx.2024-cü il tarixində Nəsib Əsədovla görüşmüşdür. Görüş zamanı ona bildirmişdir ki, “həmən gün orada 385 nəfərə elektron cərimə yazılıb, sizin sözünüzdən belə çıxır ki, biz onun hamısını silməliyik? siz niyə ordan dönüş edirdiniz gedib aşağıdan dönüş etmirdiniz” kimi müəmmalı cavab vermişdir. Yolda yaranan şərait və vəziyyət məqsədli və ya səhlənkarlıqdan yaranmışdır. Çünki onun xx.xx.2024-cü il tarixində 902 Xidmətinə şikayətindən sonra yola ağır çəkili, qırmızı xətlənmiş daşlar düzmüşlər. Məhkəmə iclasında iştirak edən Hüseynova Sevil Ağakişi qızı şikayətin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Hüseynova Sevil Ağakişi qızı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Hüseynova Sevil Ağakişi qızı “Hyundai Accent” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Saray qəsəbəsində, yeni yolda idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayat etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (060)-2163/2024 nömrəli qərarı ilə Hüseynova Sevil Ağakişi qızının şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan narazı olan qalan Hüseynova Sevil Ağakişi qızı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (060)-2163/2024 nömrəli qərarından apellyasiya şikayəti vermiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(105)-453/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (060)-2163/2024 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında xx.xx.2024-cü il tarixli, EQ21887246 sayli elektron inzibati tenbeh vermə haqqında qərardan göründüyü kimi Hüseynova Sevil Ağakişi qızının Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə səbəb olmuş inzibati xəta Baş Dövlət Yol Polis İdarəsinin videomüşahidə kameraları ilə aşkar edildiyi va inzibati tənbeh tədbiri tətbiq edildiyi, həmin videogörüntünü səlahiyyətli orqana sorğu verilərək alınması, məhkəmə iclasında tədqiq olunması va mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə qəti qərar qəbul edilməsi qeyd olunmuşdur. Bundan başqa həmin qərarda xx.xx.2024-cü il tarixdə qeyd olunan yolda təmir işlərinin gedib-getməməsi, əgər təmir işləri gedirsə mütəmadi olaraq sola va geri dönmə nişanlarının dəyişirilib-dəyişdirilməməsinin (irəliyə yaxud geriyə doğru), həmin yerdə sola va ya geri dönmənin qadağan olunmasına, yaxud girişe icazə verən hər hansı müvəqqəti yol nişanı va ya lövhəsinin olmasına dair yol hərəkəti nişanının xəta törədildiyi zaman orada olub-olmamasının aydınlaşdırılması üçün inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndesinin iştirakı təmin edilməsi və işin digər halları araşdırılması qeyd olunmuşdur. Hüseynova Sevil Ağakişi qızının şikayəti məhkəmənin icraatında olduğu müddətdə dəfələrlə, yəni xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində DİN BDYPİ-nin rəisinə nümayəndələrinin məhkəmə iclaslarında iştirak etmələri, mövcud sübutları təqdim etmələri barədə bildirişlər göndərilsə də, keçirilən iclaslarda orqanın nümayəndəsinin iştirakları təmin olunmamışdır. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmiş göstərişlərin yerinə yetirilməsi istiqamətində BDYPİ-nin rəisinə müfəssəl məktub göndərilmiş, hər hansı nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsina əsasən inzibati məsuliyyəte cəlb olunmuş şəxs təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyəta cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbayan Respublikasının Konstitusiyasının 60-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyanın 29–cu maddəsinə əsasən daimi yol nişanlanmasının müəyyən müddət üçün, o cümlədən yolda təmir işləri aparılarkən və ya kənardan keçmənin mövcud olması ilə əlaqədar dəyişməsi zəruridirsə, rəngi daimi nişanlanmadan fərqli olan müvəqqəti nişanlanma çəkilməlidir. Müvəqqəti nişanlanma daimi nişanlanmadan üstün sayılır və yol istifadəçiləri bu nişanlanmanın tələblərinə əməl etməyə borcludurlar. Əgər daimi və müvəqqəti nişanlanmanın eyni zamanda mövcud olması anlaşılmazlıq yarada bilərsə, daimi nişanlanmanı örtmək və ya ləğv etmək lazımdır. Müvəqqəti nişanlanma işıqqaytarıcı olmalıdır və yol hərəkətinin nizamlanmasının yaxşılaşdırılması məqsədilə siqnal fənərləri və ya işıqəksedici qurğularla əlavə oluna bilər. Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyanın 31-ci maddəsinə əsasən yolun hərəkət hissəsində təmir işləri aparılan sahələrin sərhədləri nişanlarla aydın işarələnməlidir. Təmir işlərinin həcmindən və hərəkət intensivliyindən asılı olaraq, yolun hərəkət hissəsinin təmir işləri aparılan sahəsinin sərhədlərinin işarələnməsi məqsədilə, ağ və qırmızı, sarı və qırmızı, qara və ağ və ya qara və sarı zolaqlarla rənglənmiş bütöv və ya ara məsafəli baryerlər quraşdırılır, bununla yanaşı baryerlər işıqqaytarıcı xüsusiyyətə malik deyilsə, işıqlar və işıqəksedici qurğular yerləşdirilir. İşıqəksedici qurğular və sayrışmayan işıqlar qırmızı və ya tünd sarı, sayrışan işıqlar isə tünd sarı rəngli olmalıdır. Lakin: a) hərəkətin yalnız bir istiqamətində görünən və bu hərəkət istiqamətinə əks tərəfdə yerləşən sahənin sərhədlərini işarə edirsə işıq və qurğular ağ rəngdə ola bilər; b) hərəkət istiqamətlərini ayıran sahənin sərhədlərini işarə edən işıq və 1 qurğular ağ və ya açıq sarı rəngdə ola bilər. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Hüseynova Sevil Ağakişi qızı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında şikayətçi tərəfindən təqdim edilmiş sübutlardan aydın olur ki, həmin ərazidə təmir işləri aparılmış, müvəqqəti nişanlanma həyata keçirilmiş, lakin həmin nişanlanma mövcud qanunvericiliyin tələblərinə uyğun quraşdırılmamışdır. Eyni zamanda, şikayətçi tərəfindən təqdim edilmiş inzibati xəta haqqında elektron qərarın qeydə alınmasına əsas olmuş fotoşəkillərindən yolda hansı nişanlanmanın həyata keçirildiyini müəyyən etmək mümkün deyildir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş, həmçinin Hüseynova Sevil Ağakişi qızının Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseynova Sevil Ağakişi qızının şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və Hüseynova Sevil Ağakişi qızı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində Hüseynova Sevil Ağakişi qızınun adına qeyd edilmiş xx.xx.2024cü il tarixli, EQ21887246 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün, həmçinin həmin elektron qərar üzrə cərimə və dəbbə pullunun ödənilməsi həyata keçirildiyi halda ödənişlərin geri qaytarılması üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2163/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2163/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver