Məhkəmə qərarları › İş №3(060)-2165/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2165/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2165/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, “Vətən müharibəsi iştirakçısı” Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 12 sentyabr 2023cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2835/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs inzibati tənbeh alınmasına baxmayaraq yenidən yaranmış 1.963,00 manat aliment pulunu üzrsüz səbəbdən ödəməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İcra məmurunun verdiyi məlumata əsasən icra sənədi üzrə tələbkar işdə olduğundan məhkəməyə gələ bilməmişdir, məhkəmə protokola tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2835/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 193,00 manat aliment pulu tutularaq tələbkar X2 ödənilməldir. Ona icraata başlama haqqında qərar və bildiriş rəsmi qaydada təqdim edilmişdir. Borclu qeyd olunan icra sənədi üzrə yığılmış 1.944,00 manat aliment borcunu üzrsüz səbəbdən ödəmədiyindən onun barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o 500,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Borclu şəxs yığılmış aliment borcundan dünən, yəni xx.xx.2023-cü il tarixdə 280,00 manat ödəniş etməklə son beş ay ərzində, cəmi 500,00 manat aliment ödənişi etmişdir. Borclu şəxs il ərzində eyni icra sənədi üzrə yığılmış aliment borcunu tam şəkildə ödəmədiyindən onun barəsində tərəfindən təkrar olaraq İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2835/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 193,00 manat aliment pulu tutularaq tələbkar X2 ödənilməldir. Ona icraata başlama haqqında qərar və bildiriş rəsmi qaydada təqdim edilmişdir. O, qeyd olunan icra sənədi üzrə yığılmış 1.944,00 manat aliment borcunu ödəmədiyindən barəsində protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o 500,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Hal-hazırda qeyd olunan aliment borcu tam ödəməyə maddi imkanı yoxdur, lakin qısa müddət ərzində aliment ödənişi ilə birgə qalıq aliment borcundan da ödəniş edəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra işində olan sənədlər tədqiq edilmiş, lakin borclunun alimentlə bağlı tələbkarla aralarında razılığın olmasına dair sənəd aşkar olmamışdır. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-849/203 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsiri bilinərək 500,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-849/203 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh almış Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini təkrar icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, əmlak vəziyyətini və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini təkrar icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimak Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 1.000,00 (bir min) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar