Məhkəmə qərarları › İş №3(060)-2168/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2168/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2168/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Qubadlı ray., Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qubadlı ray., Xanlıq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşad Cabbarov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-31/2023 saylı icra sənədinə əsasən borclu Şəxs üzrsüz səbəbdən yığılmış 3347 manat aliment borcunu ödəməmiş bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Elşad Cabbarov izahatında bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 28 yanvar 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə doğulmuş Eldar Məhəmmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən olunmuşdur. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarını qanunla müəyyən edilmiş vaxtda icra etməmişdir. Məhkəmə iclasında elan edilmiş fasilə vaxtı borclu tərəfindən tələbkarın bank hesabına 2000 manat ödəniş edilmişdir. Hazırda məhkəmə istintaqı dövründə tələbkarla borclu qalıq borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş, belə ki, borclu qalıq qalmış 1353 manat aliment borcunu aylıq aliment borcu da daxil olmaqla ilin sonunadək ödəyəcəyini bildirmiş, tələbkar bu təkliflə razılaşmışdır. Qeyd olunanlara əsasən tələbkarın mövqeyini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir, həqiqətən də məhkəmənin qərarına əsasən onun tələbkara indiyədək ödənilməmiş 3353 manat aliment borcu yaranmışdır. O, hazırda həmin borcdan 2000 manat ödəniş etmiş, qalıq borcu 1353 manat borc təşkil edir. Hazırda o, tələbkarla borcun hissəvi ödənilməsi barədə razılığa gəlmişdir. Belə ki, o, qalıq 1353 manat borcunu aylıq aliment borcu daxil olmaqla ilin sonunadək ödəyəcəyinə söz verir. Tələbkarın hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən borclu Şəxs 3353 manat aliment tutularaq ona verilməlidir. Bugün məhkəmə iclasında elan edilmiş fasilə vaxtı borclu tərəfindən ona 2000 manat ödəniş edilmiş, qalıq borc 1353 manat təşkil edir. Hazırda borclu ilə qalıq borcun ödənilməsi qaydası barədə razılığa gəlmişdir. Belə ki, borclu 1353 manat qalıq aliment borcunu aylıq aliment daxil olmaqla ilin sonunadək ödəyəcəyini bildirmişdir. Hazırda borcluya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 11 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu ilə razılığa gəldiyini bildirərək hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Qubadlı Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs İcra İdarəsində iştirakı xx.xx.2024-cü il tarixdə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hesabına 2000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, tələbkarın ərizəsini, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qubadlı rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən Şəxs 3353 manat aliment borcu yığılmış, həmin borcu ötən müddət ərzində ödəməmiş, bu səbəbdən icra məmuru aliment borcunun üzrsüz səbəbdən ödənilməməsi qənaətinə gəlmiş və İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkara hazırda 2000 manat aliment ödədiyini, onunla razılığa gəldiklərini bildirmişdir. Lakin icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanuna uyğun olaraq praktiki addım atmadan, tələbkarın borclu ilə qətnamə üzrə aliment borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək niyyətinin olması hissəsində hər hansı araşdırma aparmadan, bu suallara aydınlıq gətirmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdır. Lakin məhkəmə baxışı zamanı Şəxs elan edilmiş fasilədən dərhal istifadə edərək yığılmış aliment borcundan 2000 manatını ödəmiş, əlavə olaraq tələbkarla qalıq borcun hissə ödənilməsi barədə də razılığa gəlmişdir. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu faktı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs öz izahatında və məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar