Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2172/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs - X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 21-ci məhəllə, yataqxana 19, otaq 5 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşı X5 yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 5, otaq 38 ünvanından ona məxsus “Samsung A52” markalı mobil telefonu gizli yolla oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirmişdir ki, hadisə olan günü uşağı götürmək üçün o evə getmişdir. Həmin zaman evdə telefonu görməmişdir. Sözügedən telefonun onun tərəfindən oğurlanmasına dair heç bir sübut yoxdur. Belə bir hadisə ilk deyildir. Belə ki, X7 dəfələrlə oğurluq edilməsi ilə bağlı yaxud müxtəlif səbəblərlə polis bölməsinə onunla bağlı müraciət etmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. O, dəfələrlə uşaqla ünsiyyət olmayan günlər belə evə gələrək onu narahat edir. Hadisə baş verən günü uşağı apardıqdan bir müddət sonra geri gəlmişdir. Danışmaq istədiyini bildirmiş, bu zaman aralarında mübahisə olmuşdur. O, getdikdən sonra telefonunu evdə tapa bilməmiş, qonşudan xahiş edərək telefon nömrəsinə zəng etmiş, lakin telefonu açan olmamışdır. Bundan əlavə başqa bir telefondan “gmail vasitəsilə telefonun tapılması”ndan istifadə edərək telefonun yerini müəyyən etmişdir. Bu barədə polis əməkdaşlarına bildirmişdir. Telefonun yeri Şəxs yaşadığı yerlə üst-üstə düşür. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Həmin qərardan görünür ki, təhqiqat zərurəti ilə əlaqədar X6 məxsus “Samsung Galaxy A52” markalı, İMEİ/**********40656 kodlu mobil telefonun xx.xx.2024-cü il tarixdən etibarən hazırki istifadəçisinin müəyyən edilməsi üçün mobil operatorlara sorğu verilsə də, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi təsdiq edilmir. Belə ki, daxil olmuş materiallardan görünür ki, sözügedən telefonun xx.xx.2024-cü il tarixdən etibarən hazırki istifadəçisinin müəyyən edilməsi üçün mobil operatorlara sorğu verilsə də, müsbət nəticə əldə olunmamış, habelə oğurluq faktını təsdiq edən şahid (lər) və yaxud hər-hansı sübut olmamışdır. Şəxs əməllərində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, baxılan iş üzrə Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №3(060)-2172/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2172/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver