Məhkəmə qərarları › İş №3(060)-2175/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2175/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2175/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, yataqxana 2 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağları ərazisi, həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 19:17 radələrində Şəxs qonşusu Zərərçəkmiş şəxs boğazından tutub üz nahiyəsinə şillə vuraraq döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X5 izahatında göstərdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 19:17 radələrində Şəxs qonşusu Zərərçəkmiş şəxs boğazından tutub üz nahiyəsinə şillə vuraraq döymüşdür. Buna görə də təhqiqat qərarı əsasında qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, yaşadıqları ünvanda həyətdən pis iy gəldiyinə görə həmin iyin haradan gəldiyini tapmaq istəmiş, hasardan boylanarkən qonşusunun həyətində yığılmış zibil olduğunu görmüş, qonşusu Vaqifin anasını çağırmış, ondan bunun nə olduğunu soruşmuş, o da oğlu Vaqifin gətirdiyini, həll edəcəklərini bildirmişdir. Bir neçə gün sonra yenə həmin iy gəlməyə davam etmiş, o, yenə də Vaqifin anasını, atasını çağırmış və Vaiqfin atasının razılığı və iştirakı ilə həmin zibilləri yandırmışdır. Hətta Vaqifin atası da ona kömək etmişdir. Bu zaman Vaqif özü gəlmiş, o, Vaqifə nəyə görə belə elədiyini soruşmuş, Vaqif də gülə-gülə yaxşı etdiyini demiş, O da Vaqifin yaxasından tutaraq onu itələmişdir. Həmin vaxt o, Vaqifi vurmamışdır. Onu itələyərkən yıxılıb-yıxılmamasını görməmişdir. O, sadəcə Vaqifi böyük kimi danlamaq məqsədi ilə itələmişdir, başqa məqsədi olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Vəkili Vəkil şəxsin əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hadisə 29 iyul 2023-cü il tarixdə baş vermişdir. Şəxs onun qonşusudur. Zaur onun həyətindən iy gəlməsi səbəbi ilə onun həyətinə girib orada olan əşyaları yandırmışdır. Zaur həmin əşyaların zibil olduğunu düşünmüşdür, lakin həmin zibillər özünün ayırd etmək üçün oraya yığdığı zibillər idi. O, Zaura etiraz edən zaman Zaur və oğlu onu döymüşdür. Hadisədən sonra ondan üzrxahlıq etməmiş və ona dəymiş zərəri ödəməmişdir. Şəxs izahatdında qeyd etdikləri məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Buna görə də Məhkəmədən Şəxs cəza təyin edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, məhkəmə-tibbi ekspertizasının 1250 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol gözaltı nahiyənin, sağ budun qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən əllə-təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, Şəxs əməli məhkəmədə araşdırılan hallarla sübuta yetirilir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini, əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300,00 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar